08 dekabr 2023 12:00
493

Ulu Öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz Onun yoluna sədaqətimizdir

Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri  

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 10 may tarixində  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qarabağın tacı Şuşadan xalqa müraciətində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki,  təbrik müraciətimi Bakıdan da edə bilərdim: “Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi.”

Qürurverici haldır ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyini tarixi Zəfərimizin reallıqları fonunda qeyd edirik. 100 ilin zivəsindən geri baxanda bu fikri də böyük əminiklə qeyd edirik ki, Ümummilli Lider bütün mənalı ömrünü Azərbaycan dövlətinin, xalqının bu gününə və gələcəyinə həsr etdi. Bu çağırışı səsləndirdi ki, mənim üçün hər şeydən əziz Vətənimdir, dövlətimdir, xalqımdır.

Azərbaycana hansı sahədən baxsaq Ulu Öndərin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi əsas ideoloji dayaqlarımızdandır. Ümummilli Lider Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək xalqın tarixi yaddaşının özünə qaytarılması  kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən  bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün mühüm zəmin yaratmışdı. Azərbaycançılıq ideologiyasının inkişafı Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Dahi şəxsiyyət bildirmişdir ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik.

  Hər zaman bu reallıq xüsusi qeyd edilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq daim tarixin bütün sərt sınaqlarından şərəflə çıxır və böyük uğurlara imza atır. Azərbaycan xalqı bu baxımdan daim dünyanın diqqətində olub. Bircə faktı qeyd etmək kifayətdir ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz, şəxsi ambisiyalarının quluna çevrilən ünsürlərin rəhbərlik etməsi ölkəmizi böyük faciələrlə, təhlükələrlə üz-üzə qoymuşdur. Azərbaycan xalqı belə çətin məqamda da ümidini itirmədi. Əmin idi ki, zəngin idarəçilik təcrübəsinə malik olan, dövlətini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın düşdüyü bu ağır vəziyyətə laqeyd olmayacaq. Xalq böyük inamla ayağa qalxdı və Ulu Öndər Heydər Əliyevə üz tutaraq hakimiyyətə dəvət etdi. 

Azərbaycan xalqının taleyində elə günlər var ki, o məqamlarda milyonların gələcək həyatını müəyyən edən tarixi hadisələrin səhifələri yazılır. Xalqımızın, Azərbaycan dövlətinin müqəddəratını təyin edən günlərdən biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışı oldu.  1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndər həmin ayın 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. TariximizəMilli Qurtuluş günü kimi yazılan 15 iyunun zəfəri bununla bitmədi. Ümummilli Lider iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində isə  98.84 faiz səs toplayan Ümummilli Lider Heydər Əliyev seçicilərin  etimadını qazanaraq  Prezident seçildi. Artıq ölkəmizin böhrandan çıxma prosesi başladı.

  Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi ki, bu da öz növbəsində ölkəmizə investisiya axınını sürətləndirdi. 1994-cü il 12 may tarixində Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü dedi. Bu sazişin ölkəmizə qazandırdığı uğurlardan bəhs edərkən daim iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti xüsusi qeyd edilir. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ölkəmizi regional əməkdaşlığın aparıcı qüvvəsinə çevirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurların aydın mənzərəsini təqdim etdi.  Bunun ardınca geniş coğrafiyanı əhatə edən Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrildi.

   Ümummilli Lider Heydər Əliyev Azərbaycanı daim zirvələrdə görmək istəyib. Onun qayıdışı ilə monolit birliyimizin təməli qoyuldu. Bütün sahələrdə sabitliyin təmin olunması, tənəzzülün qarşısının alınması, islahatların həyata keçirilməsi, iqtisadiyyatın dirçəlməsi Onun müdrik siyasətinin, fədakarlığının  nəticəsi idi. Dahi şəxsiyyət Heydər Əliyev hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra belə bir çağırışı böyük inamla qeyd etmişdir ki, Azərbaycan bu çətin günləri keçib gedəcək, hər kəs belə qüdrətli, zəngin Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyacaq.  Ulu Öndər Azərbaycan xalqının hər bir arzu, istəyini reallığa çevirdi və bu gün dünyanın xoşbəxt xalqları sırasında qərarlaşması üçün möhkəm təməl formalaşdırdı.

   Əvvəldə də qeyd etdiyimiz kimi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin, həmrəyliyinin təmin edilməsi Ümummilli Liderin qarşıya qoyduğu əsas hədəflərdən idi. Diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri olmadı ki, Azərbaycan həqiqətlərindən geniş bəhs edilməsin, orada yaşayan azərbaycanlılarla görüşüb onların problemləri ilə yaxından tanış olmasın. Ümummilli Liderin gərgin səyləri nəticəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan mərkəzləri yaradılaraq  azərbaycanlıların bir araya gəlməsini təmin etdi. Sonra onların bir mərkəzdən idarə olunmaları üçün Ümummilli Lider Heydər Əliyevin Sərəncamı əsasında 2001-ci ilin 9-10 noyabr tarixlərində ölkəmizdə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu Qurultay soydaşlarımızın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Artıq ondan sonra hər beş ildən bir qurultayların keçirilməsi qarşıya qoyulan vəzifələrin müzakirəsində əhəmiyyətli rol oynadı. Ən əsası ötən dövr ərzində görülən işlər geniş təhlil edildi və onların əsasında yeni-yeni hədəflər müəyyənləşdirildi. Bu gün qürurla qeyd etdiyimiz mühüm məqamlardan biri tarixi Zəfərimizdə dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin öz sözünü deməsidir. Ötən il Qarabağın tacı Şuşa dünya azərbaycanlılarını bir araya gətirərək 30 ildən sonra Zəfər Qurultayını keçirmələrinə ev sahibliyi etdi.  Dünya azərbaycanlıları bu məkandan dünyaya birliyimizi, həmrəyliyimizi çatdırdı, postmünaqişə dövrünün reallıqları fonunda qarşılarında dayanan vəzifələri müzakirə etdilər.

    Azərbaycan hər bir sahədə Ümummilli Liderin yaratdığı möhkəm təməlin uğurlarını yaşayır. Ulu öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsi bu gün  dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınan, müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini və suverenliyini  qoruyan, tarixi Zəfəri ilə dünyaya səs salan və yaratdığı reallıqları ilə dünya siyasətində yeniliklərə yol açan  Azərbaycandır. O Azərbaycan ki, sözünün imzası qədər dəyəri vardır. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar hər zaman beynəlxalq dəstək qazanır.

Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkəmizi daim irəli aparan müdrik şəxsiyyət Heydər Əliyev düşünülmüş siyasəti ilə ölkəmizin söz sahibliyini təmin etdi. «Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir» fikirləri ilə Azərbaycanın demokratik inkişaf yolu ilə dünyaya inteqrasiyasını başlıca vəzifə hesab edən dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin dünyada rolunu və geosiyasi əhəmiyyətini müəyyən etmişdir.

   Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər bir istiqaməti böyük tədqiqat mövzusudur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. O, cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Liderin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ümummilli Lider daim bu çağırışı da etmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli Ordunun olması vacibdir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət göstərmişdir. Onun gərgin səyləri nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması da bunun bariz nümunəsidir. 1993-cü ildən sonrakı dövrdə də ordu quruculuğu prioritet məsələlər sırasında oldu. Məhz yaradılan möhkəm təməlin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Azərbaycan Silahlı Qüvvələri nəyə qadir olduğunu 44 gündə 30 ilin işğalına son qoymaqla, erməniləri diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur etməklə təsdiqlədi. Tarixi Zəfərimizə qədər rəşadətli Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında gücünü, qüdrətini nümayiş etdirmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi yolu Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırır.

2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun davamı oldu. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın bugünkü və gələcək uğurlarının əsasını qoydu. Ulu Öndər Azərbaycanın qazandığı uğurların davamını təmin etdi, ərazi bütövlüyümüzün bərpasına, torpaqlarımızın işğaldan azad edilməsinə gedən yolu yaxınlaşdırdı. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız cənab İlham Əliyevə səs verərək Heydər Əliyev yolunun davamını istədi. İllər keçdikcə xalqımız seçimində yanılmadığını və bundan böyük qürur hissi keçirdiyini möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməklə təsdiqlədi. Dövlət başçısı İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi və bunu əməli fəaliyyəti ilə nümayiş etdirdi.

Prezident İlham Əliyev Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızı azad etməklə Ulu Öndərin daim arzusunda olduğu Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.  44 günlük İkinci Qarabağ müharibəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatdıran, XXI əsrin müharibə tarixinə imzasını yazan Silahlı Qüvvələrimizin döyüş təcrübəsinin xarici ölkələrin ali hərbi məktəblərində öyrədilməsi Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatların məntiqi nəticəsidir. Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı.  Cənab İlham Əliyev “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini  hədəfləri reallığa çevirməklə təsdiqlədi. Düşünülmüş siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi.  Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ərazi bütövlüyümüzün bərpası idi. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyu bayrağımızın dalğalanması.

    Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. 2023-cü ildə tariximizə yazılan bu möhtəşəm səhifəni də xüsusi qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  sentyabrın 19-daSilahlı Qüvvələrimizin apardığı  lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etdi. Dövlət başçısı, Silahlı Qüvvələrimizin  Ali Baş Komandanı İlham Əliyev oktyabrın 15-də Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə səfər etdi və Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə bildirmişdir: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.” Cənab İlham Əliyev qürurverici anların davamı olaraq 8 noyabr- Zəfər Günündə Xankəndi şəhərində keçirilən hərbi paraddakı çıxışında “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi” söylədi.

Ulu Öndərin ruhu şaddır.  Torpaqlarımız tarixi sahibinə qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Son üç ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız öz dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdırlar. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Heydər Əliyev yolu ölkəmizə bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə atdığı hər bir addımAzərbaycanın bu gününə və gələcəyinə xidmət edir. Dövlətinə, xalqına göstərdiyi xidmətlərinə görə sağlığında tarix yazan, milyonların sevgisini qazanan Ümummilli Lider Heydər Əliyev bütün zamanların, illərin fenomen dahisidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə  «Heydər Əliyev İli» elan olunması Ulu Öndərə xalqın ehtiramı, sədaqətidir. Dövlət başçısı İlham Əliyevin böyük inamla  və qürur hissi ilə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir:“Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”