Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir.
“İki sahil”in xəbərinə görə, icmanın bəyanatında bildirilib ki, Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyası dini azadlıqlara dair hesabatının Azərbaycanla bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verib.
"BMT missiyasının 2023-cü ilin oktyabr ayında Azərbaycanın Qarabağ bölgəsinə etdiyi səfərdən sonra dərc etdiyi hesabatda, oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiq etməsinə baxmayaraq, Komissiya naməlum “insan haqları təşkilatları”nın hansısa narahatlıqları olduğunu qeyd edir.
Qeyd edək ki, bu hesabat Dövlət Departamentinin cari ilin may ayında bu mövzuda dərc etdiyi anti-Azərbaycan hesabatı ilə eyni dəsti-xətlə yazılıb. Komissiyanın hesabatının Dövlət Departamentinin hesabatından yeganə fərqi Azərbaycana qarşı iddialarını əsaslandırmaq üçün radikal millətçi erməni müəllifləri olan L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyana daha açıq şəkildə istinad etməməsidir", - bəyanatda vurğulanıb.
İcmadan bildirilib ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən ABŞ-nin sözügedən qurumu, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir:
"Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir. ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli və Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir".