Gəncə Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin dəstəyi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə Regional nümayəndəliyinin təşkilatçılığı ilə “İmamzadə” dini ziyarətgah kompleksində “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı regional konfrans keçirilib.
Bu barədə "İki sahil"ə Gəncə İcra Hakimiyyətindən məlumat verilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə nümayəndəsi Hacı Tahir Abbasov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Yəhudi Dini İcmasının sədri Arif Babayev, A.Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi, varfolomey Denis Sotnikov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları yer alıblar.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqı olduqca zəngin milli-mənəvi dəyərlərə sahibdir. Xalqımız tarixin ən çətin dövrlərində belə, bu dəyərlərə sahib çıxıb, onu qoruyub, gələcək nəsillərə ötürüb. Ümummullu Lider Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizə çox böyük hörmətlə yanaşıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərinimizin qorunması, adət-ənənələrimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Bu gün də hər birimizin vəzifəsi, Ulu Öndərin dediyi kimi, Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə nümayəndəsi Hacı Tahir Abbasov, Türkiyənin Gəncədəki Baş kosulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından geniş bəhs ediblər. Ümummilli liderin siyasi kursunun layiqli varisi, dünya miqyaslı siyasətçi cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki rolundan danışılıb. Ölkə rəhbərinin əldə etdiyi siyasi və hərbi qələbələr, iqtisadi nailiyyətlər fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi kontekstindəki fəaliyyətinin xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.
Sonda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və Milli-mənəvi dəyərlər” mövzusunda film nümayiş olunub.