Bir əsrdə iki dəfə dövlət müstəqilliyi qazanmış Azərbaycanın 1991-ci ildə əldə etdiyi müstəqillik siyasi, iqtisadi, mənəvi-ideoloji reallıqlar fonunda formal xarakter daşıyırdı. Ona görə ki, ölkəyə rəhbərlik edənlər xalqdan ayrı düşmüşdürlər, müstəqil strateji kurs həyata keçirmirdilər. Azərbaycanın suverenliyi faktiki olaraq kağız üzərində idi. Azərbaycan siyasi iradə sahibi deyildi, “dövlət siyasəti” adlandırılan pərakəndə davranışlar kənar qüvvələr tərəfindən diktə edilirdi. Hakimiyyətdə təmsil olunan qüvvələr iqtisadi tənəzzülə və böhrana, ciddi siyasi-ideoloji boşluqlara səbəb olmuşdurlar. Belə ağrılı vəziyyətdə xalq müdrik dövlət xadimi, siyasi obrazı Vətənə şərəfli və layiqli xidmətin təzahürü olan Heydər Əliyevə üz tutmaqla sabitlik və inkişaf naminə Azərbaycanın gələcəyini seçdi. Ümummilli Lider Heydər Əliyevin respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarması və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açması dönüş nöqtəsi oldu. Beləliklə, xalqın inam və etibarından güc alan Lider Azərbaycana gerçək müstəqilliyini qazandırdı.
15 iyun 1993-cü il tarixində Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi təkcə xalqın deyil, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası, Milli Qurtuluş idi. Bu, həmçinin Azərbaycan xalqının milli inamının bərpası, gələcəyə ümidli, nikbin baxışının əsası oldu. Azərbaycanı parlaq gələcəyə aparacaq Liderin ətrafında sıx birləşən xalqımız növbəti dəfə öz milli iradəsini ortaya qoydu və Heydər Əliyevi 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçdi. Ümummilli Lider Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixində keçirilən andiçmə mərasimində “Azərbaycan xalqının mənə bəslədiyi ümüdlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”, - deyə qətiyyətlə bəyan etdi. Ulu Öndər Vətənə, xalqa və dövlətə sədaqət andına əməl edərək inam və etimadı, ümidləri layiqincə doğrultdu. Azərbaycan milli suverenliyini-əsl müstəqilliyini əldə etdi. Azərbaycan dövləti öz resurslarının sahibinə çevrildi, respublikamız beynəxalq münasibətlər sistemində öz milli-strateji maraqları əsasında təmsil olunmağa başladı. Azərbaycan müstəqil siyasət yürüdən dövlətlər sırasında öz layiqli yerini tutdu.
Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental tədbirlərin uğurluluğunu şərtləndirdi.
Ümummilli Lider Heydər Əliyev iki fərqli dövrdə - həm SSPİ dönəmində, həm də müstəqillik illərində respublikamızın yüksəlişini, intibahını, inkişafını və tərəqqisini təmin edib. O, iqtisadi, siyasi, ideoloji cəhətdən bir-birindən fərqlənən iki dövrdə də ölkəmizə rəhbərliyi zamanı xalqın rifahının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb.
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə geridə qalmış respublikaların önündə gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu.
Ulu Öndər Heydər Əliyev də məhz bütün istiqamətlərdə fundamental tədbirlər görməklə davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində bu sahənin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri istifadəyə verildi ki, bu da davamlı inkişafı təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütamadi surətdə artırıldı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı, bu sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu, neft hasilatı xeyli artırıldı.
Təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşması və təkmilləşdirilməsi işinə mühüm töhfələr bəxş etmiş oldu. Təhsil sektorunun maddi texniki bazası yaxşılaşdırıldı.
Azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyətə malik idi. Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə önəmli dəyişikliklər, inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, dahi şəxsiyyətlərin abidələri ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər verildi, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətli inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu. Respublikamızda bütün sahələrdə yüksəliş qeydə alındı.
1982-ci ilin dekabrından 1987-ci ilin oktyabrına kimi SSRİ-nin rəhbərlərindən biri olan Ümummilli Liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi.
Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
1991-ci ilin sentyabr ayında Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Naxçıvanda sabitlik təmin edildi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastrukturun inkişafı yönündə məqsədyönlü işlər görüldü.
Ölkənin gərgin və böhranlı vəziyyətində xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlayanda, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və Ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis Konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamanki gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ümummilli Lider Heydər Əliyev gördüyü işlər, atdığı səmərəli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik ənənələrini yaratmaqla davamlı inkişafı, dayanıqlı və nizamlı sabitliyi təmin etmiş oldu. Heydər Əliyev siyasətinin onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən milli maraqlara və müasir qlobal çağırışlara uyğun davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın adı qalib ölkə və qüdrətli dövlət anlayışları ilə assosiasiya olunur. XXI əsrin görkəmli şəxsiyyətləri və dövlət xadimləri sırasında Azərbaycan Prezidenti İlham Əliyevin işıqlı obrazı daha aydın, daha qabarıq görünür.
Ümummilli Lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də kütləvi informasiya vasitələri ilə Azərbaycan xalqına ünvanlandığı tarixi müraciətdə “Üzümü sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekti, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən buna özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”, - deyə bildirmişdi.
Ulu Öndər xalqa bu müraciətində gələcəkdə yerinə yetirilməli olan taleyüklü məsələləri, böyük planları, həm də sistemli şəkildə həyata keçiriləcək islahatları nəzərdə tuturdu. Şübhəsiz ki, Ümummilli Liderin bu inamı təsadüfü deyildi. Çünki cənab İlham Əliyev bu zamana qədər müxtəlif vəzifələrdə ona göstərilən etimadı yüksək səviyyədə və tam doğruldaraq müsbət imic və dəyərli nümunə yaratmağa müvəffəq olmuşdu.
Azərbaycan dövləti cənab İlham Əliyevin Liderliyi ilə ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçərək tarixi nailiyyətlər qazanıb, strateji zirvələr fəth edib, milli hədəflərimiz addım-addım reallaşdırılıb. 2003-cü ildə prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində Azərbaycan xalqına rifah və inkişafla bağlı söz verən Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədini gerçəkləşdirib, Azərbaycanın sosial dövlət imicini gücləndirib. Cənab İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu, eyni zamanda, qətiyyətli Lider, uzaqgörən siyasətçi cənab İlham Əliyevin qlobal müstəvidə nüfuzunu, Ona olan inam və etimadı göstərir. Digər tərəfdən, bir zamanlar xəyal kimi görünən nəhəng enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirən Azərbaycan Prezidentinin iradəsinin, təşəbbüslərinin və strateji fəaliyyətinin nəticəsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Zəfər yürüşünün tarixi ədalətin bərpası ilə nəticələnməsi Azərbaycanın bundan sonra da bütün strateji hədəflərinə çatmaq iqtidarında olduğunu göstərir. Hələ 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını deyən cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, dövlətimizin bu strateji hədəfə çatması Müzəffər Ali Baş Komandanımızın “Bizim sözümüz imzamız qədər keçərlidir” fikrinin əyani təzahürü, xalqımızın parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir.
Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri