Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımız uzun illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Bu ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra dövlət suverenliyimiz tam şəkildə təmin olundu. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olaraq, bütün silah-sursat və ağır texnikanı təhvil verdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarabağlılar artıq öz doğma torpaqlarına qayıdır, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycan olacaqdır.
İllər öncə Qərbi Azərbaycandan deportasiya olunmuş insanlar öz doğma torpaqlarına qayıdıb orada yaşamaq arzusunun reallaşacağı günü səbirsizliklə gözləyirlər. Dövlət başçısının da qeyd etdiyi kimi, bu proses beynəlxalq hüquq normalarına əsaslanmaqla həyata keçirilməlidir. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir.
Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar Qərbi Azərbaycana qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir.
Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə 26 yanvar 2023-cü il tarixində konsepsiya - Qayıdış Konsepsiyası qəbul edilib. Konsepsiyada əks olunduğu kimi, Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır.
Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışacaq. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində Mülki və siyasi hüquqlar haqqında Pakt”da BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasında və 1967-ci il Protokolunda və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, xalqımız Qərbi Azərbaycana qayıtmaq niyyətində israrlıdır və bunun üçün dövlətimiz o insanlara hər cür dəstək göstərəcək. Yüz minlərlə insanımızın Qərbi Azərbaycana qayıdışı, həm də, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Ölkə başçımızın qətiyyətli siyasəti və xalqımızın əzmi sayəsində Azərbaycan bu istəyinə də çatacaq. Bu gün əzəli Qarabağ əhalisinin öz torpaqlarına qayıdışının təmin edilməsi kimi, Qərbi azərbaycanlıların da qovulduqları doğma yurdlarına geri qayıtmaları üçün fəaliyyət davam edir. Belə ki, Prezident İlham Əliyevin yurd-yuvasından didərgin düşmüş, Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək olmaq, həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq məqsədilə Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilib.
Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə öz işinə başa vurub.
Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi-mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də bu tarixi diyarımızın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Hədəf Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycana qayıdışdır.
Nigar Orucova, “İki sahil”