Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkib və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd edilib ki, Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: "Yəqin ki, litvalı deputatların bir neçə il öncə litvalı diplomatların keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar.
Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir. Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar".