Noyabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının qərargahında “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiya veteranları və fəalları iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla öz gələcəyinə doğru inamla addımlayır, inkişaf göstəriciləri ilə dünyaya səs salıb. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və cənab Prezident, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır.
Çıxış edən YAP-ın veteran üzvləri Novruz Umudov, Elmira Şıxəliyeva Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışaraq bu istiqamətdə görülən işlərə diqqət çəkiblər. İnkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Sonra rayon təşkilatının sədri Ayaz Cəbrayılov rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranlarına və fəallarına “Fəxri Fərman”lar təqdim edərək onları təbrik etdi və siyasi fəaliyyətlərində uğurlar arzuladı.