Azərbaycan Amerika qitəsinin ən böyük kitab festivalı - Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin deputatları- Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu sərginin açılış mərasimində iştirak ediblər.
Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində keçirilən dünya şöhrətli festivalda bütün ölkələrdən çoxsaylı müəllif və tərcüməçilər, xarici kitabxanaların nümayəndələri, distribyutorlar və minlərlə nəşriyyat təmsilçiləri iştirak edir.
Milli Məclisin nümayəndə heyəti sözügedən tədbirdə təmsil olunan Azərbaycan stendinə baş çəkib, stendin fəaliyyəti ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzillik yubileyinə həsr olunmuş Azərbaycan stendində onun həyat və yaradacılığı, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablarla yanaşı, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxi, o cümlədən Qarabağ, Şuşa haqqında çoxsaylı kitablar nümayiş olunur.
Azərbaycan stendi kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi noyabrın 29-dək davam edəcək.