Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin bölmə iclaslarında “Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqları haqqında kompleks beynəlxalq hesabat”ın hazırlanması təklifi irəli sürülüb.
Bu barədə “İki sahil”ə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, tədbirdə “Qərbi Azərbaycana qayıdış” Beynəlxalq Festival/Konqresin Hüquq bölməsində Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyev, Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov, vəkil Mayis Əliyev və vəkil Sübhan Əliyev iştirak ediblər.
İclasda Əmir Əliyev "Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri" mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş Azərbaycanlıların pozulmuş hüquqları haqqında Kompleks Beynəlxalq Hesabat”ın hazırlanması təklifi irəli sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Bildirilib ki, Azərbaycan hüquq cəmiyyətinə müraciət edilərək bu layihəyə dəstək verilməsi zəruri hesab edilib.
Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutur.
Xatırladaq ki, Əmir Əliyev, Turqay Hüseynov və Mayis Əliyev “Qərbi Azərbaycana qayıdış” festival-konqresin ustad dərsləri çərçivəsində hüquqşünaslıq ixtisasının tələbələri üçün mühazirələr deyib.