"Azəriqaz" əməkdaşları yaxın zamanlarda istehlakçıların mənzil və obyektlərində texniki müayinələrə başlayacaq
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları yaxın zamanlarda istehlakçıların mənzil, ev və obyektlərində texniki müayinələrə başlayacaq. Bu fikirləri “Azəriqaz” İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı səsləndirib. Onun sözlərinə, müayinələrin aparılması üçün “Azəriqaz”ın 2 500-dən çox işçisinə təlimat keçirilib: «Qarşıdaki günlərdə biz qeyd olunan işlərə bu sahə üzrə təlim almış işçılər ilə başlaya biləcəyik».
Şöbə müdirinin sözlərinə görə, hazırda ölkə üzrə qazlaşdırılma səviyyəsi 96,4 faiz təşkil edirr, “Azəriqaz” ın abonentlərinin sayı isə 2,5 milyonu üstələyib.
«Açıq qapı» aksiyasında iştirak edən «Azəriqaz» İB-in Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Birliyə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 9 831 müraciət daxil olub.
Şöbə rəisinin sözlərinə görə, bu müraciətlərin 4 420-i “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: “Həmin müraciətlər elektron formada sistemə yüklənir. Onların cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 10 ayı ilə müqayisədə 783 müraciət azdır. Daha 5 411 müraciət isə elektron formada daxil olub.»
İ. Kərbalayev vurğulayıb ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: “Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılmaqla cavablandırılması həyata keçirilib”.
Elçin Zaman, «İki sahil»