Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin və Səbail rayon bələdiyyələrinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsində yerli demokratiya və vətəndaş cəmiyyəti" mövzusunda ictimai dinləmə keçirilib.
“İki sahil” xəbər verir ki, Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri, Səbail rayon bələdiyyələrinin, Səbail Rayon Icra Hakimiyyətinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, digər vətəndaş cəmiyyəti qurumlarının, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik İrsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, ölkədə yerli demokratiyanın bərqərar edilməsində müstəsna rolundan bəhs olunub.
Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov "Yerli demokratik ideyalara işıq tutan Heydər Əliyev irsi" mövzusunda məruzə ilə çıxış edərək yerli özünüidarəetmənin banisi Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin formalaşdırılması prosesinin başlandığını bildirib.
Ardından Səbail, Badamdar və Bibiheybət bələdiyyələri sədrlərinin bələdiyyələrin fəaliyyəti barədə məruzələri dinlənilib, mövzu üzrə vətəndaş cəmiyyəti institutları ilə geniş müzakirələr aparılıb, yerli özünüidarəetmədə ictimai iştirakçılığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.
Çıxışlarda xalqımızın və ölkəmizin xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsinin dərindən öyrənilməsi, bu irsin qorunub gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu və şərəfli vəzifəsi olduğu vurğulanıb.