21 noyabr 2023-cü il tarixində Riqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib. Konsert Latviyanın tanınmış mədəniyyət ocaqlarından biri olan və Latviyanın müasir memarlıq nümunələrindən hesab edilən Latviya Milli Kitabxanasında təşkil olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunduğunu və bu münasibətlə təşkil olunan konsertin əlamətdar hadisə olduğunu bildirib.
Səfir Ümummilli Liderin bütün həyatının Azərbaycan xalqına, Azərbaycanın müstəqilliyinin bərqərar olması, dövlətçiliyinin qurulması, milli inkişaf strategiyasının müəyyənləşdirilməsinə fədakarcasına həsr etməsinin bariz nümunə olduğunu qeyd edib. O, onun görkəmli dövlət xadimi kimi xalqın milli şüuruna hər zaman azadlıq, müstəqillik, milli kimlik ideyalarının aşıladığını vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyevin davamlı mübarizəsi sayəsində Azərbaycan xalqı zamanın mürəkkəb tarixi və siyasi sınaqlarından uğurla çıxıb və bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, müasir və güclü Azərbaycan Ümummilli Liderin böyük həyat fəaliyyətinin və irsinin təntənəsidir.
E.Sultanov Heydər Əliyevin ölkəmizin müstəqil və tarazlı xarici siyasətinin, o cümlədən Azərbaycan-Latviya münasibətlərinin əsasını qoyduğunu və o, Prezident olarkən 1994-cü ildə Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulduğunu vurğulayıb. Səfir ölkələrimiz arasında olan əlaqələrin mühüm mərhələlərdən keçərək, Azərbaycanın Baltik regionunda ilk səfirliyinin 2005-ci ildə məhz Latviyada açıldığını, 2017-ci ildə isə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalandığını və 2024-cü ildə ikitərəfli münasibətlərimizin 30-cu ildönümünün qeyd olunacağını diqqətə çatdırıb.
Daha sonra səfir Azərbaycanın zəngin caz ənənələri, Vaqif Mustafazadə və Rafiq Babayev kimi məşhur caz ustalarımızın UNESCO qeyri-mədəni irs siyahısına salınmış muğam ilə cazı sintez edərək dünya caz mədəniyyətinə verdikləri töhfə və milli musiqi alətlərimiz olan tar və nağara haqqında məlumat verib.
Latviya və Azərbaycan musiqiçilərinin Latviyada ilk dəfə olaraq birgə ifa olunan etno caz konsertində proqrama uyğun olaraq Azərbaycanın əməkdar artistləri – tarzən Sahib Paşazadə və gitara ifaçısı Ruslan Hüseynov, pianoçu Nicat Aslanov, zərb alətləri ifaçıları Kamran Kərimov və Həsən Bilalov ilə yanaşı latviyalı musiqiçilər, saksofon ifaçısı Zintis Zvarts və akkordeonçu Rüstəm Bağırov Azərbaycan xalq musiqisi, caz parçaları, o cümlədən Azərbaycan və Latviya bəstəkarlarının əsərlərini uğurla ifa ediblər. Konsert dinləyicilər tərəfindən böyük marağa səbəb olub.
Səfirlik tərəfindən həmçinin, Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan mədəniyyəti, incəsənəti və musiqisinə həsr olunmuş zəngin və müasir tərtibatlı kitablar Latviya Milli Kitabxanasına hədiyyə edilmişdir.
Tədbirdə Latviyanın dövlət qurumlarının rəhbərləri və rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik missiyaların rəhbərləri, akademik, incəsənət, ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.