19 noyabr 2023 09:40
601

Fransa Ermənistanı dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə şərik olur -  BƏYANAT

Fransanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı tələm-tələsik bəyanat verərək, guya qərarın Fransanın mövqeyinə uyğun olduğu təəssüratı yaratmağa çalışmışdır.

Bu barədə "İki sahil"ə Qərbi Azərbaycan İcmasından məlumat daxil olub.

Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib.

Ona görə də Fransanın bu məsələyə müdaxilə etməsi yersizdir, əsassızdır və təxribat xarakteri daşıyır.

Yaxşı olardı ki, Fransa iradlarını özünə və qovulmuş azərbaycanlıların qayıdışına hətta nəzəri olaraq belə razılıq verməyən Ermənistan hökumətinə yönəltsin. Fransa Ermənistanı qeyd-şərtsiz dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə, o cümlədən, azərbaycanlıların qayıdış hüququnu pozmasına şərik olur.

Qərbi Azərbaycan İcması Fransanın insan hüquqları kimi ülvi dəyərdən sui-istifadə edərək regionda mənfur neo-kolonial məqsədlərini irəlilətmək cəhdlərini ifşa etməkdə davam edəcək.