Azərbaycanın 18 oktyabr 1991-ci ildə özünün ikinci dəfə dövlət müstəqilliyini elan etməsi tarixi hadisə idi. Təbii ki, müstəqilliyin elanı təkcə Ali Sovetin deputatlarının Müstəqillik Aktının lehinə səs verməsinin nəticəsi deyildi, bu proses həm də hadisələrin tarixi inkişafını tələb edirdi. Hadisələr isə ötən əsrin 80-ci illərinin sonlarından imperiya rəhbərlərinin fəlsəfi dialektiakının qanunlarını yaxşı bilməməsi ilə start götürmüşdü. Azərbaycan xalqı 70 il əvvələ məxsus genetik yaddaşının tətikləri ilə qoşulduğu müstəqillik mübarizəsindən qələbə ilə ayrılacağına hər şeydən çox əmin idi. İmperiya rəhbərləri isə hələ də cəza metodundan istifadə etməklə hakimiyyətini qoruyub saxlayacağını düşünür, nəinki düşünür, hətta əliyalın xalqa qarşı qanlı terror aktları icra edirdi. Heç də təsadüfi deyil ki, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın müstəqillik əzminin kuliminasiya nöqtəsi hesab olunur. Həmin hadisələrin yaddaqalan epizodlarından biri isə uzun illər Sovet İttifaqının rəhbərliyində çalışmış Heydər Əliyevin ən böyük milli təəssübkeş kimi ortada, daha doğrusu xalqının yanında olması idi. Hadisələrdən dərhal sonra Ulu Öndərin İttifaqın mərkəzində əli əliyalın xalqımızın qanına bulaşan cəlladlara layiqli dərs verməsi həm orada, həm də Bakıda oturan imperialist nökərlərində tərs şillə effekti yaratdı. Azərbaycan xalqı Heydər Əliyevin simasında müstəqillik mübarizəmizin lideri ilə bir daha tanış oldu, Onun cəsarətini, prinsipiallığını özünə nümunə götürdü.
“Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” deyən Ulu Öndər Heydər Əliyevin müdrik sözləri Azərbaycanın müstəqiliyyinin ilk illərini ifadə edən ən optimal aforizmdir, desək, yanılmarıq. Burada biz müstəqiliyin tətbiqi formalarını nəzərdən keçirsək görərik ki, ilk iki ildə pozitiv müstəqillikdən söhbət gedə bilməzdi. Dövlət müstəqilliyimiz sadəcə kağız üzərində mövcud idi. Ovaxtkı Azərbaycan rəhbərləri müstəqil siyasət həyata keçirmir, yaxud heç bunu istəmir, əksinə ayrı-ayrı xarici qüvvələrin maraqlarına uyğun davranış nümayiş etdirir, kənar diktə və təsirlər altında fəaliyyət göstərirdilər. Öz şəxsi mənafelərini dövlətin və millətin maraqlarından üstün tutan şəxslər Azərbaycanı elə bir hala gətirmişdilər ki, yenicə əldə etdiyimiz kövrək müstəqilliyin itirilməsi an məsələsinə çevrilmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənir, torpaqlarımız ard-arda işğal altına düşürdü, digər tərəfdən isə etnik qarşıdurma pik həddə çatmışdı. Siyasi xaos özünü iqtisadi anarxiya formasında büruzə verirdi. Küçədən hakimiyyətə gəlmiş bir qrup şəxs verdiyi bəyanatlarla Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə səbəb olmuş, qonşu dövlətlərlə münasibətlər tarixin ən pis dövrünə gəlib çıxmışdı. Siyasi və iqtisadi sabitsizlik, hərc-mərclik, işğalın genişlənməsi, vətəndaş müharibəsi təhlükəsi həmin dövrü xarakterizə edən ən uyğun anlayışlar səviyyəsinə yüksəlmişdi.
Paralel dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında sabitlik adasına bənzəyirdi. Naxçıvan, ümumiyyətlə, dövlət müstəqilliyimizin praktiki bərpası və siyasi ənənələrin formalaşdığı coğrafi-siyasi məkan kimi də xarakterizə olunurdu. Xalqımızın Ümummilli Lideri 1990-cı iyulunda Bakıya, oradan isə Naxçıvana gəlməklə yeni bir tarixi mərhələnin təməli qoyuldu. Onu da təəssüflə qeyd etmək lazımdır ki, həmin dövrdə Bakıda hakimiyyətdə olanlar məhz Heydər Əliyevin xalq arasında nüfuzundən və bunun səbəb ola biləcəyi nəticələrdən qorxaraq, Onun Bakıda qalmasına mane ola bilmişdilər. Lakin, onlar unutmuşdular ki, tarixi şəxsiyyətlər üçün məkan və zaman fərqi yoxdur. Ən böyük idealı müstəqillik olan Heydər Əliyev qısa müddət ərzində Naxçıvanı müstəqlliyin bərpası prosesinin öncülünə çevirməyi bacardı. 1990-cı ilin noyabrında, hələ Azərbaycanın müstəqilliyini bərpa etməsinə doqquz ay, Sovet İttifaqının süqutuna isə bir ildən artıq vaxt qaldığı halda, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Azərbaycanın üçrəngli dövlət bayrağının Naxçıvanın Ali Sovetində dalğalandırılması, Kommunist Partiyasının fəaliyyətinin dayandırılması uzaqgörən siyasətçinin müstəqillik mübarizəsinin yeni formada tərənnümü və təzahürü idi. Ulu Öndər bütün çətinliklərə - blokada və müharibə şəraitinə, enerji və qida qıtlığına baxmayaraq, torpaqlarımızın müdafiəsini, Naxçıvanın bütövlüyünü, qonşu respublikalarla qarşılıqlı əlaqələri qurmağı bacarmışdı. Onun qurub-yaratdığı ən ali dəyər isə siyasi ənənə idi. Böyük siyasətçinin memarı olduğu Yeni Azərbaycan Partiyası müstəqil respublikamızın adından da göründüyü kimi, yeni dövrünün carçısı oldu.
1992-ci ilin ortalarından Azərbaycanda hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü hər keçən gün vəziyyəti bir az da ağırlaşdırırdı. Cəbhədəki hərbi uğursuzluqlar isə cəmiyyəti ciddi sarsıtmışdı. Çıxış yolunu Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışında görən milyonlarla azərbaycanlı müdrikcəsinə o dövrün üzdəniraq “rəhbərlər”inə də yeganə xilas yolunu göstərirdi. Ən çox onların uçuruma saldıqları vəziyyətdən çıxmağa, “canını qurtamağa” ehtiyacı vardı. Heydər Əliyevin Bakıya dəvət olunması xalqın həm də Naxçıvan nümunəsinin Azərbaycanın digər bölgələrinə idxalı arzusuna xidmət edirdi. Heç vaxt xalqının çağırışlarına biganə qalmayan Ulu Öndər bu dəfə ən böyük tarixi missiya – müstəqilliyi qorumaq, möhkəmləndirmək və əbədiləşdirmək amalı ilə Bakıya qayıtdı. O, qayıtmaya bilməzdi. Bu dəfə müstəqillik iki il olmamalı idi. Məhz müstəqilliyin əbədi olması üçün XX əsr Heydər Əliyev fenomenini yetişdirmişdi.
Ulu Öndər Heydər Əliyevin Bakıya qayışdışından sonra Onun, eləcə də respublikanın gündəliyində duran birinci məsələ qiyamın qarşısını almaq, daxili iğtişaşlara son qoymaq idi. Heydər Əliyevin həmin hadisələrin qaynar nöqtəsinə - Gəncəyə cəsarətli səfəri xalqın cücərən ümidlərinə yeni nəfəs verdi. Məhz Ulu Öndərin qətiyyəti, praqmatik və uzaqgörən siyasəti qardaş qırğınının qarşısını aldı. O, xalq üçün xilaskarlıq missiyasında birinci addımı uğurla atmışdı. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 15 iyun günü sonralar tarixə Milli Qurtuluş Günü kimi həkk olacaqdı. Həmin gün Ali Sovetdə çıxışı zamanı səsləndirdiyi “Mən buraya vəzifə üçün gəlməmişəm. Mən bu böyüklüyü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim” fikirləri Ulu Öndərin sələflərindən fərqli olaraq xalqa sonsuz sevgisinə, məqsədlərinin səmimiliyinə işarə edirdi. Bu böyük şəxsiyyət millət qarşısında verdiyi hər bir sözün üstündə durmağı və yeritdiyi məqsədyönlü siyasətlə Azərbaycanın müstəqilliyini dönməz etməyi layiqincə bacardı. Məhz Onun yorulmaz səyləri nəticəsində Ermənistanın Azərbayacana qarşı təcavüzzünün qarşısı alındı, Bişkek protokolu ilə cəbhədə atəşkəsə nail olundu. Uzaqgörən lider çox yaxşı başa düşürdü ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə işğalı istənilən qədər davam etdirə bilər, ona mane olmağın yolu əks-hücum deyil, işğalı dayandırmaqdır. İşğalı dayandırmaq sabitliyin bərpa olunması, iqtisadi imkanların artırılması, ordu quruculuğu və s. bir-birilə əlaqəli nəticələrin hasil olmasına gətirib çıxaracaqdı.
Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınsa da, müstəqilliyinin ilk illərində yarıtmaz siyasətçilərin “səyləri” nəticəsində heç bir iqtisadi fürsət yaranmamışdı. Nəzərə alsaq ki, keçmiş İttifaqın iqtisadiyyatı ixtisaslaşma prinsipinə əsaslanırdı, deməli, xarici investorların cəlbi və onların təcrübəsinin tətbiqi zəruri idi. Ulu Öndər Heydər Əliyevin ilk dəfə Prezident seçilməyindən heç bir il keçmədi ki, Azərbaycan neftinin hasilatı və ixracını nəzərdə tutan “Əsrin müqaviləsi” imzalandı. Adı qədər özü də sözün həqiqi mənasında əzəmətli olan müqavilə 400 səhifədən ibarət idi. Bu, Azərbaycan iqtisadiyyatına ilk irihəcmli investisiyanın yatırılması, əsasən xarici sərmayə hesabına neftimizin dünya bazarına çıxarılması istiqamətində birinci belə addım idi. Məhz Heydər Əliyevin nüfuzu, diplomatik məharəti xaosun məngənəsindən xilas olmağa çalışan Azərbayacana böyük etimad yaratmışdı. Dünya dövlətləri Heydər Əliyev şəxsiyyəti fonunda Azərbaycanın işıqlı gələcəyindən əmin idilər. Bu, hələ başlanğıc idi, Ulu Öndər qarşısına qoyduğu məqsədləri bir-bir yerinə yetirirdi. Əsası “Əsrin müqaviləsi” ilə qoyulan iqtisadi inkişaf bir müddət sonra tərəqqi edəcək, yeni imkanlar yardacaqdı. Neft və qazdan gələn gəlirlər iqtisadiyyatın və ölkənin digər sahələrinə, əhalinin sosial rifahının yaxşılaşdırılması sərf olunacaqdı. Təbii idi ki, bu bir çoxlarının, xüsusilə ermənipərəst qüvvələrin marağında deyildi, hətta arzuolunmaz kabusuna çevrilmişdi. Dövləti cinayətdə təqsirləndirilənlərin təcridxanadan qaçırılması, siyasi qətllər, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər Heydər Əliyevin siyasi iradəsinə təsir göstərmək, Azərbaycanı yenidən çıxılmaz və çətin vəziyyətə geri qaytarmaq istəyən qüvvələrin məkrli planlarını reallaşdırmaq cəhdlərindən sadəcə bir neçəsi idi. Ulu Öndər xalqa arxalanaraq bütün qüvvələrin planlarını pozmağa, müstəqil siyasətini davam etdirməyə nail oldu.
Azərbaycan gündəliyinə siyasi və iqtisadi sabitlik, milli həmrəylik, vahid ideologiya hakim oldu. Heydər Əliyevin bütün dövlərə hesablanmış azərbaycançılıq ideologiyası etnik ayrıseçkiliyin qarşısını aldı, hər kəsi eyni amal uğrunda birləşdirdi. Hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti institunun formalaşması, demokratik dəyərlərin möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Azərbaycan beynəlxalq birliyin bərabərhüquqlu tərəfinə çevrildi. Möhtərəm Prezidentimiz İlham Əliyev həmin dövrlə bağlı danışarkən belə qeyd edir: “1993-cü il, əslində, real müstəqillimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azrbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.”
Ulu Öndər Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs XXI əsr Azərbaycanını regional, hətta qlobal miqyasa yüksəltdi. Ötən dövr əsasən müstəqliyimizin, həmrəyliyimizin möhkəmlənməsi, siyasi və iqtisadi tərəqqi, güclü ordunun formalaşması ilə səciyyələnir. Heç əsəb yerə deyil ki, Prezident İlham Əliyev hər zaman dövlət müstəqilliyini dəyərli sərvət, onun qorunmasını isə ən vacib vəzifə kimi qarşıya qoyub. “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm” deyən Prezident Azərbaycanı tam və real müstəqillik yollarında adıımlayan nadir ölkələrdən birinə çevirib. Azərbaycan həm də ona görə nadir dövlətlərdəndir ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Lakin bütövlüyə qovuşmaq uğrunda qət etdiyimiz yol heç də asan olmayıb. Məhz cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yeni investisiya və digər maaliyə mənbələri hesabına iqtisadi imkanları dəfələrlə artırılıb. Azərbaycanın beynəlxalq tərəfdaşlarla qurduğu ikitərəfli və çoxtərəfli qarşılıqlı əməkdaşlıqlar onu dünyanın lider dövlətlərindən birinə çevirib. Əgər müstəqilliyin ilk illərində təbii enerji mənbələrinin hasilatı və ixracı iqtisadiyyatı dirçəltmək üçün zəruri idisə, hazırda bu resurslar həm də Azərbaycanın xarici siyasətində önəmli rol oynayır. İndi inkişaf etmiş Avropa dövlətləri də daxil olmaqla, onlarla ölkə Azərbaycan nefti və qazından asılı vəziyyətdədir. Əlbəttə ki, belə olan halda müstəqil siyasətin nəticələrini görmək və proqnozlaşdırmaq sadə məntiq tələb edir.
Azərbaycanın geosiyasi və geoiqtisadi potensilı ordu quruculuğu prosesinə ümdə təsir göstərir. Şəxsi heyətin peşəkar hazırlığı, müdafiə sənayesinin inkişafı, yeni silahların alınması təbii ki, maliyyə imkanları və dövltələrarası əməkdaşlığın səviyyəsi ilə düz mütənasibdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqların icrasına və məqsədlərin reallaşdırılmasına hazır olduğunu son üç ildə bir neçə dəfə sübut edib. Bunlardan ilki ötən günlərdə 3 illiyini qeyd etdiyimiz tarixi Zəfərlə başa çatan Vətən müharibəsi idi. Ermənistanın artan təxribatlarına cavab olaraq başlanılan Vətən müharibəsi düşmən tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan tarixi torplaqlarımızın cəmi 44 gün ərzində azad olunması ilə nəticələndi. Ərazi bütövlüyümüz bərpa olunmaqla yanaşı, erməni mifi də yerlə bir edildi. Ermənistan Azərbaycanın gücü qarşısında kapitulyasiyaya uğradı. Vətən müharibəsi Azərbaycanı həm də XXI əsrin müharibəsini aparmaq iqtidarı ilə dünyaya təqdim və sübut etdi. Azərbaycan artıq dünya üçün yeni nümunələr yaradırdı. Belə nümunələrdən biri də separatizmin tamamilə məhvini, beynəlxalq hüququn və ədalətin bərpasını özündə ehtiva edən lokal antiterror tədbirlərinin nəticəsində formalaşdı. Azərbaycan tam şəkildə ərazi bütövlüyünə və suverenliyinə nail oldu. Ulu Öndər Heydər Əliyevin arzuları və vəsiyyəti reallaşdı. İndi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan sabitlik və tərəqqi adası kimi dünyanın aparıcı ölkələri ilə bir sırada addımlayır.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri