Qafqaz Müsəlmanları İdarəsində "Heydər Əliyev-100: Milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə İdarənin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, dini konfessiya rəhbərləri, deputatlar və din xadimləri iştirak ediblər.
Tədbirdən əvvəl dini konfessiya rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Konfransda ilk olaraq Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin və Ulu Öndərun ruhuna dua oxunub.
Daha sonra QMİ-nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
Şeyxülislam Allahşükür Paşazadə açılış nitqi ilə çıxış edərək bildirib ki, bu günlər bir-birinin ardınca fəxrlə, qürurla yaşanılan Zəfər, Dövlət Bayrağı və müstəqil Azərbaycanın Konstitusiya Günü bayramlarının mənbəyində Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır: "Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin şah əsəridir. Xankəndidə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi tarixi hərbi keçid iftixar mənbəyimizdir. Ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir. Dindarlar, bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə uğurla davam etdirilən dövlət siyasətini bəyənir və dəstəkləyir".
Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib ki, müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə xidmətləri misilsizdir: "Dahi insanın böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malik məqamdır. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub. Heydər Əliyev Ümummilli Lider missiyasını həyata keçirərək ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanın milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaq istiqamətində fəaliyyət göstərilir: "Çalışmaq lazımdır ki, bu dəyərlər mütləq yaşasın. Bura dilimiz, dinimiz, adət-ənənələrimiz, ailə dəyərlərimiz, o cümlədən müstəqil Azərbaycanın bayrağı, gerbi, himni aiddir. Bu dəyərlər də hamı üçün eynidir. Tarix boyu xalqımızın inkişafına, tərəqqisinə töhfələr verən şəxsiyyətlər var və onlar da bizim üçün dəyərlərdir. Biz də həmin dəyərləri daim qoruyub saxlamalıyıq. Ulu Öndər Heydər Əliyev bizim üçün çox böyük irs qoyub. Dövlət müstəqilliyimizin bərpası, dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi baxımından onun xidmətləri əvəzsizdir. Heydər Əliyev irsi də bizim üçün dəyərdir".
Konfrans mövzu ətrafında çıxışlarla davam edib.
Sonda Heydər Əliyevin adına ehsan verilib.