06 noyabr 2023 13:19
618

Hərbi Prokurorluq Tovuzda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı hərbi qulluqçularla birgə tədbir keçirib - FOTO

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.

Hərbi Prokurorluqdan "İki sahil"ə verilən məlumata görə, Tovuz rayonunda rayon rəhbərliyi və Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə birgə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə və tədbir iştirakçılarına çatdırılıb.

Mərasimdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiya İdarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov, Hərbi prokurorun böyük köməkçisi, Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri Maarif Hüseynov, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev, polkovnik İlqar Xasməmmədov və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışdılar.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə və uğurlu antiterror əməliyyatları xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, antiterror əməliyyatlarından, o dövrlərdə prokurorluğun, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Mərasimdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.