Kubada “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Havana şəhərinin tarixi Mart” Teatrında Azərbaycan muğamı konserti keçirilib.
Ölkəmizin Kubadakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə keçirilən konsertdə bu ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin, diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev müasir Azərbaycan tarixinin müdrik dövlət xadimi və uzaqgörən siyasi xadim Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun ideyalarının və strategiyasının ölkəmizin inkişafının əsasını təşkil etdiyini söyləyib.
Tədbir iştirakçılarına, habelə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr - Zəfər Günü haqqında məlumat verən diplomat ölkəmizin ərazi bütövlüyünün bərpasının rəmzi tarixi hesab edilən bu günün böyük təntənə ilə qeyd olunduğunu bildirib.
R.Rzayev, həmçinin muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu müstəsna yer barədə danışıb, onun 2008-ci ildə UNESCO-un Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.
Sonra “Qarabağ” musiqi qrupunun rəhbəri, görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov (tarzən), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Kuba musiqi nümunəsi səsləndirilib.