31 oktyabr 2023 15:23
743

Qərbi Azərbaycan kəndləri - Muğamlı

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. 

“İki sahil” Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Muğamlı (Sınıqkörpü, Buğamlı, Muğanlı)

Muğamlı kəndi Gəmibasar mahalının düzənlik hissəsində, Qəmərli rayonunun mərkəzi olan Qəmərli qəsəbəsindən 12 kilometr şimal-qərbdə, Gərni çayının sağ, Zəngi çayının sol tərəfində, Sabunçu və Saatlı kəndləri yaxınlığında yerləşir.

1918-ci ilə qədər (1828-ci ildən sonrakı qısa bir dövr istisna olmaqla) kənddə ancaq azərbaycanlılar yaşayıb. 1918-ci ildən kəndə İrandan gələn xeyli erməni yerləşdirilib. 1948-ci ilə qədər kənddə azərbaycanlılarla ermənilər yanaşı yaşayıblar. 1948-1949-cu illərdə kəndin türk-müsəlman əhalisi deportasiya edilib və kənd bütünlüklə erməniləşdirilib.

Muğamlı kəndi “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Gərni nahiyəsinin Cınıqkörpü kəndi kimi qeydə alınıb, kəndin ikinci adının Bikəmli olduğu onun Əli adlı şəxsə timar verildiyi, bu timardan dövlətin müxtəlif vergilər şəklində ildə 4 min ağça gəlir götürdüyü göstərilib.

İvan Şopenin (1832) məlumatında kənd Boğamlı kimi siyahıya alınıb. Həmin mənbədə kənddə 30 təsərrüfatda 243 nəfər (123 kişi, 120 qadın) azərbaycanlının, 11 təsərrüfatda 52 nəfər (23 kişi, 29 qadın) erməninin yaşadığı göstərilib. Lakin az sonra gəlmə ermənilər kəndi tərk etməyə məcbur olmuşlar. Belə ki, 1873-cü ilin statistikasında Buğamlı kimi tanınan bu kənddə ancaq azərbaycanlılar yaşayıblar: 57 təsərrüfatda 388 nəfər (214 kişi, 174 qadın).

1886-cı ildə isə Buğamlı kəndində 73 təsərrüfatda 371 (217 kişi, 154 qadın) azərbaycanlı yaşayıb. Həmin vaxt kəndin Yeni Bayazid qəzasındakı Oyuxlu yaylağında, kənddən 45 verst aralıda 18 desyatin ərazini əhatə edən Oyuxluyurd adlı yurd yeri olub. Kənd camaatı bu yaylaqdan qədimdən istifadə etmişdir. Kənd camaatının bir hissəsinin mülkədar Məmmədağa bəy Abdulla Sultan oğlundan hər il yardarlığa (hazır məhsulun yarısına) 5 xəlvər əkin yeri götürdüyü də 1886-cı ilə aid mənbədə qeyd edilib.

Kənd əhalisinin sayı 1897-ci ildə 392 nəfər, 1905-ci ildə 373 nəfər, 1914-cü ildə 811 nəfər olub.

1918-ci ildə erməni-daşnak silahlı dəstələrinin hücumlarına məruz qalan kənd dağıdılıb, yandırılıb, əhalisinin bir hissəsi ermənilərə xas vəhşiliklə qətlə yetirilib. Sağ qalanlar kəndi tərk ediblər və boşalmış azərbaycanlı evlərində İrandan köçürülüb gətirilmiş ermənilər yerləşdirilib.

Bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra kəndin keçmiş sakinlərinin bir qismi geri qayıdıb, 1922-ci ildə onların sayı cəmi 58 nəfər olub. Lakin bu vaxt kənddə artıq 145 nəfər erməni mühaciri məskunlaşdırılmışdı. Azərbaycanlıların geri qayıtmasını bütün vasitələrlə əngəlləyən bu gəlmə ermənilər qayıdanları hər addımda sıxışdırmağa çalışırdılar. Buna görə də 1931-ci ildə artıq kənddə 267 nəfər erməniyə qarşı cəmi 28 nəfər azərbaycanlı qalmışdı.

1948-1949-cu illərdə isə kəndin bütün yerli – türk-müsəlman əhalisi Azərbaycana deportasiya olunub və kəndin erməniləşdirilməsi başa çatıb.

Mənbələrdən də göründüyü kimi, kəndin Buğamlı adı sonralar Muğamlı şəklində də tələffüz edilib və bu, rəsmi sənədlərdə də öz əksini tapıb. Yerli tələffüzdə Muğamlı adı Muğanlı kimi də deyilib.

1978-ci il yanvarın 25-də kəndin adı yenidən dəyişdirilərək Hovtaşen qoyulub.

Kəndin ilkin – Sınıqkörpü adının etimologiyası ilə bağlı onu deyə bilərik ki, toponim heç də “sınmış körpü” anlamında başa düşülməməlidir. Hər şeydən əvvəl, Sınıq, Sinik, Sinnik, Sünik, Sınak komponentli toponimlərin çoxluğu və qədimliyi adın yuxarıdakı etimologiyasını şübhə altına alır.

Toponimin Bikəmli-Boğamlı-Buğamlı-Muğamlı-Muğanlı şəklində dəyişməsindən göründüyü kimi, sözün kökündə Bi//Bu//Mu şəklində Muğ//Maq türk tayfa adının dayandığı ehtimalını doğurur.

Professor Sadıq Şükürovun “Kəndin qocaları özlərinə Muğannalı deyirdilər” fikri kəndin adının tarixi və etimologiyası barədə düşünməyə əsas verir. Muğannalı Muğannılı (Muğanlılı) kimi başa düşülə bilər ki, bu da kənd əhalisinin ən azı bir hissəsinin hansısa (çox güman ki, Karbibisar mahalı ərazisindəki) Muğanlı kəndindən gəldiyinə dəlalət edir. Tədqiqatçı Sitarə Mirmahmudovanın fikrincə, kənd Azərbaycanın Muğan düzündən gedən ailələr tərəfindən salınıb.

Muğanlı kəndinin camaatı qonşu yerlədin əhalisindən, deyilənə görə, həm boylarının uzunluğuna, həm də bir sıra xasiyyət və adətlərinə görə də fərqlənirmişlər. Kişilər işə gedəndə onları mütləq arvadları xeyir-dua ilə yola salar, axşam da xoş sözlə, gülərüzlə qarşılayarmışlar. Arvad tərəfindən qarşılanmayan kişi evə girməzmiş. Bu adət Manna dövlətində güclü olub.

Muğanlılar söz güləşdirməyi, and içməyi sevməzmişlər. Onlara həm də müdriklər deyirmişlər. Bu kənddə ölənlərin baş daşlarına aypara şəkli həkk edər, mərhumu dəfn etdikdən sonra üç gün axşamlar onun məzarı başında od yandırarmışlar.