2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, “Ulu öndər Heydər Əliyev siyasətinin müasir Azərbaycan elektroenergetikasının inkişafına təsiri” adlı dəyirmi masa keçirilib.
“İki sahil”in Nazirliyə istinadən verdiyi məlumata görə, energetika nazirinin müavini Samir Vəliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin elektroenergetika sahəsinin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.
Bildirilib ki, Ulu Öndər uzaqgörən siyasəti, mükəmməl strategiyası və qlobal əməkdaşlıq layihələri ilə bugünkü qüdrətli Azərbaycanın banisidir və Azərbaycanın enerji landşaftının da müəllifi olmaqla onun müasir qlobal təsirlərinin formalaşmasında əvəzedilməz rol oynayıb. 1969-cu ildə Ümummilli Liderin Azərbaycan rəhbərliyinə gəlişindən sonra onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların istifadəyə verilməsinin respublikanın sənaye potensialının artırılmasında mühüm addımlar olduğu vurğulanıb.
Sonra Ulu öndərin elektroenergetika sisteminin inkişafına verdiyi töhfələrdən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra nazirliyin şöbə müdiri əvəzi Otel Hüseynov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin yerli nümayəndəliyinin rəhbəri Murad Sadıxov və “Nobel Energy” şirkətinin nümayəndəsi Rauf Rüstəmovun çıxışları dinlənilib.
Çıxışlarda Ulu Öndərin strateji baxışı və qətiyyətli fəaliyyəti sayəsində müstəqillik illərində ölkəmizdə enerji sektorunun yenidən dirçəldiyi, ölkənin enerji müstəqilliyi və təhlükəsizliyinin əsaslarının qoyulduğu qeyd olunub, bu gün Heydər Əliyev siyasi irsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun uğurla davam etdirildiyi və Azərbaycanın enerji sahəsində daha müstəqil, daha təhlükəsiz və yaşıl gələcəyə doğru irəlilədiyi vurğulanıb.
O da bildirilib ki, ölkə başçısı tərəfindən 2030-cu ilə dair müəyyənləşdirilmiş strateji prioritetlərə Azərbaycanın təmiz ətraf mühitə və bərpa olunan enerjiyə diqqət yetirməklə yaşıl inkişaf ölkəsinə çevrilməsi də daxildir. Ölkəmizdə ilk xarici sərmayə əsaslı bərpa olunan enerji stansiyası olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi və 1 000 MVt gücündə günəş və külək enerjisi layihələrinin icrasına dair investisiya müqavilələrinin imzalanması “yaşıl enerji” hədəflərinə doğru atılmış mühüm addımlar kimi qeyd edilib.
Vurğulanıb ki, qeyd edilən bütün nailiyyətlər və təşəbbüslər Azərbaycanda Ulu Öndərin müəllifi olduğu uzaqgörən siyasətin bu gün də davam etdirilərək enerji keçidi və yaşıl inkişaf yolu ilə gedildiyini bir daha nümayiş etdirir.