25 oktyabr 2023 11:54
486

İrəvan şəhər icmasının üzvləri Bakıda bir araya gəliblər FOTO

İrəvan şəhəri tarixən Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının əsas şəhər mərkəzlərindən biri olub. Bu şəhər Qərbi Azərbaycanın mədəniyyət beşiklərindən biridir.

XX əsrin əvvəllərinə qədər yerli azərbaycanlıların mütləq əksəriyyətini təşkil edən şəhərin sakinləri Azərbaycan tarixində mühüm rol oynamışdır.

Lakin təəssüf ki, ötən əsrdə baş verən 4 deportasiya, xüsusən də əsrin əvvəllərində həyata keçirilən və soyqırımları ilə müşayiət olunan sürgünlər bu şəhərdə yerli azərbaycanlıların sayının kəskin şəkildə azalması, əsrin sonlarına doğru isə tamamilə yox olması ilə nəticələnib. Acı deportasiya günlərindən sonra da yüksək mədəniyyətə malik bu insanlar öz bənzərsiz şəhər kimliyinə bağlılıqlarını qoruyub saxlayıblar.

“İki sahil” xəbər verir ki,  Qərbi Azərbaycan İcmasından bildiriblər ki, İrəvan şəhər icmasında birləşən soydaşlarımız İcmada bir araya gəliblər. Aralarında valideynləri İrəvanda doğulmuş və İrəvan əsilli varislərin də olduğu iclasın əvvəlində İrəvan şəhərinin tarixini, görkəmli şəxslərini əks etdirən videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov çıxış edərək İcmanın bu günə qədərki fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.

İrəvan şəhər icmasının sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva İrəvan şəhərinin tarixi, görkəmli şəxsiyyətləri, soydaşlarımızın bu tarixi şəhərdən zorla deportasiya olunması ilə bağlı ətraflı məlumat verib.

Daha sonra şair, oftalmoloq Paşa Musayev (Paşa Qəlbinur), “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycanın Xalq artisti, İcmanın Ağsaqqallar Şurasının üzvü Mübariz Tağıyev, İcmanın Ağsaqqallar Şurası sədrinin müavini Eynəddin Məmmədov, Sevinc Budaqova, Vaqif Vəkilov, Bülbül Kərimova, Qadınlar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, Cəlil Tarverdiyev, Zülfiyyə Əliyeva, Rauf Həşimov, Arzu Paşayeva, İntizar Həsənova və Aqşin Tarverdiyev çıxış edərək doğma yurd yerləri ilə bağlı xatirələrini və qayıdış ideyasının reallaşdırılmasına dair fikirlərini bölüşüb, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərinə, eləcə də zorla çıxarıldıqları bütün torpaqlara geri qayıtmağın onların təməl hüququ olduğunu bildirərək həmin günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.