25 oktyabr 2023 01:46
741

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

"Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır" söyləyən Prezident İlham Əliyev qətiyyəti ilə bu vədini də yerinə yetirəcək

Prezident seçildiyi  ilk gündən Ermənistanın  işğalı altında qalan torpaqlarımızın azad olunmasını  ümdə vəzifəsi hesab edən Prezident İlham Əliyev  artıq aforizmə çevrilən « Nəyi, nə vaxt, necə etmək lazımdır» sözlərinin hədəfi olan Qələbəyə nail oldu.  «Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözlərini Ali Baş Komandan kimi yerinə yetirdi.   Xüsusilə Xocalıda, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını dalğalandırmaqla torpaqlarımızın işğalına,  erməni separatizminə son qoydu.

 Ötən ilin axırında Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində  bir qrup ziyalı ilə görüşündə   qarşıdakı illərdə görüləcək işlərdən bəhs edən Prezident İlham Əliyev Ermənistandan zorla çıxarılan, dəfələrlə daşnakların  etnik təmizləmə siyasətinə, deportasiyaya məruz qalan soydaşlarımızın üzləşdiyi vəhşiliklərdən də bəhs etmişdi. Bütün çıxışlarında  soydaşlarımızın  Qərbi Azərbaycandakı tarixi torpaqlarına qovuşacaqlarını, hüquqlarının bərpa olunacağını bildirən    dövlət başçımızın bu vədinin  də reallaşacağına tam əmin olan xalqımız artıq  hökmən o günün mütləq gələcəyinə inanır. « Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır» söyləyən dövlət başçımız hədəfə,  məqsədə nail olmağın yollarını da göstərir. Həllini gözləyən vəzifələr isə biri-birindən  mühüm, vacibdir. İlk növbədə   qədim yurd yerlərimizin tarixi, toponimləri,  Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan abidələrimiz, dini ocaqlarımız haqqında  beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Daşnakların  əzəli yurd yerlərimizdə  Azərbaycanın  tarixi irsini silmələri ilə bağlı faktlar beynəlxalq təşkilatlara çatdırılmalıdır. Xarici ölkələrdəki  diaspor təşkilatları məskunlaşdıqları ölkələrdə  Qərbi Azərbaycan haqqında  həqiqətləri təbliğ etməlidirlər.  Dövlət başçımızın  «Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır»  sözləri prioritet kimi  əsas götürülməlidir. Tarixçilərimizlə birlikdə  beynəlxalq hüquqşünaslar da bu işə  cəlb edilməlidir. Sovet ideologiyası əsasında yazılan kitablar, dərsliklər yenilənməli, bir çox  dillərə tərcümə edilməli, elektron variantları yayılmalıdır. Yəni, bu təbliğat işləri mütləq aparılmalıdır. «Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin»  tövsiyəsi ilə  qarşıda duran məsələlərin  əhatəliliyini  diqqətə  çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımızı qarış-qarış zəbt edən daşnakların «dənizdən-dənizə böyük Ermənistan » mənfur siyasətləri ifşa olunmalıdır.

 Artıq bu istiqamətdə ilk  addımlar atılır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanır. Dövlət başçımızın vurğuladığı kimi , beynəlxalq konvensiyalarda ölkəmiz üçün məqbul olan müddəalar əsasında  soydaşlarımızın hüquqlarının qorunmasını təmin edəcək hüquqi  baza formalaşıb. Qərbi Azərbaycandan çıxarılan, ulu babalarının  yaşadıqları ərazilər haqqında zəngin biliyə malik  soydaşlarımız bu işlərə cəlb ediliblər.

Erməni separatçılarının təxribatlarına,  qərəzli dairələrin ölkəmizə qarşı ikili standartlar siyasətlərinə   etirazını rəsmi qaydada beynəlxalq təşkilatlara  çatdıran Qərbi Azərbaycan İcmasının bu günlərdə Niderland  Krallığı Parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən «Nieuws poort»” media mərkəzində  keçirdiyi  beynəlxalq konfrans  maraqla qarşılanmışdır.   Niderlandda yaşayan azərbaycanlıların, digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə  «Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri»” mövzusuna həsr olunmuş konfransda   «Zəngəzur» adlı ” sənədli filminin nümayişi xalqımızın   tarixi həqiqətlərini əks etdirməklə, Zəngəzur   dəhlizinin  açılmasının  bölgədə sabitliyin  yaranması, coğrafi, beynəlxalq  əhəmiyyətinin təbliği baxımından da əhəmiyyətli idi. Film  Haaqada  yaşayan xarici  ölkələrin nümayəndələri tərəfindən  maraqla  qarşılanıb.  Konfransda  30 il erməni separatizminə qarşı mübarizə aparan,  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin döyüş qabiliyyətindən, xalq-ordu birliyinin  qüdrətindən ətraflı bəhs olunub. Bildirilib ki,  «dəmir yumruq» ətrafında birləşərək 30 il kağız üzərində qalan BMT-nin  dörd qətnaməsini  icra edərək  torpaqlarımızı öz gücü ilə işğaldan azad edən dövlət başçımız  Qərbi Azərbaycandan olan soydaşlarımızın  ata-baba yurdlarına qayıtmaq arzularını yerinə yetirməkdə də  qətiyyətlidir.   Bu gün Azərbaycanda 30 min erməni  əsilli  vətəndaşın yaşadığı kimi, soydaşlarımız da tarixi torpaqlarında yaşamaq hüquqlarına malikdirlər.  Bu baxımdan ötən əsrdə bir neçə dəfə deportasiyaya məruz qalan  Qərbi Azərbaycandan olan soydaşlarımızın da  doğma  yurdlarına qayıdışının siyasi-hüquqi əsası vardır.

 Daşnakların  sistemli şəkildə həyata keçirdikləri plan əsasında  etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətinin nəticəsində tarixi yurdlarından  qovulan soydaşlarımız xarici ölkələrdə görüşlər keçirməklə  dünya birliyinə erməni vəhşilikləri ilə  bağlı  həqiqətləri  çatdırmalıdırlar. Məqsəd  Qərbi Azərbaycana Qayıdışı sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırmaqdır.

Çox təəssüf ki,  torpaqları 30 il işğal altında qalan  ölkəmizə  qarşı ədalətsiz, ikili standartlar prinsiplərinə sadiq  ermənipərəst dairələr Qərbi azərbaycanlı  soydaşlarımızın doğma torpaqlarına  qayıtmasına eyni mövqedən yanaşırlar.  Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının (Aİ) oktyabrın 20-də keçirdikləri zirvə görüşündə qəbul olunan birgə Bəyanatda Xankəndidən  könüllü olaraq Ermənistana köçən ermənilərə havadarlıq edilərək, onların guya etnik təmizləmə siyasətinə məruz qalmaları  görüntüsü yaradılması  Qərbi Azərbaycandan qovulmuş  soydaşlarımıza qarşı  ədəalətsizlikdir.  Ötən əsrin sonlarında  250 min azərbaycanlının zorla, vəhşicəsinə doğma yurdlarından çıxarılmasına 30 ildən artıq səssiz qalan ABŞ və Avropa İttifaqı yenə də  ikili standartlara sadiqliklərini göstərirlər. Bu cür  ayrı-seçkiliyə dərindən təəssüflənən Qərbi Azərbaycan İcmasının qəbul etdiyi  Bəyanatda qeyd edilir ki,   reallığı əks etdirməyən  sənəddə Azərbaycanın Qarabağ bölgəsinin ermənilərinin «hüquq və təhlükəsizliyi»”, o cümlədən onların geri qayıtmasına dəstək ifadə edilsə də, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı oxşar dəstəyin illərdən bəri ifadə edilməməsi etnik əsasda ayrı-seçkilikdir və bölgədə sülhün bərqərar olmasına əngəl törətmək məqsədi daşıyır.  Erməni zorakılığına  məruz qalmış insanların əhatə dairəsinin daha geniş olmasına baxmayaraq, ancaq Qarabağ ermənilərinə  canıyananlıq separatizmi yenidən dirçəltmək məqsədi daşıyır.

«Qərbi Azərbaycan İcması ABŞ və Aİ-nin Ermənistanla Azərbaycan arasında münaqişənin 30 il ərzində həll edilməmiş qalması ilə bağlı məsuliyyətini xatırladır və onları münaqişənin nəhayət Azərbaycanın səyləri sayəsində həll edilməsindən sonra bölgədə davamlı sülh üçün yaranmış unikal imkanı məhv etməməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına dəstək verməyə çağırır» sözlərinin yer aldığı Bəyanat  ədalətsizliyə qarşı çağırışdır.

 Təbii ki,  gələcəkdə də  Azərbaycana qarşı  illərdən bəri davam edən bu cür ədalətsizlik halları baş verə bilər. Buna görə də bütün dünya azərbaycanlıları  Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qovuşması üçün  həmrəylik göstərməli, bu sahədə qətiyyətli addımlar atan Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.

Xuraman İsmayılqızı, «İki  sahil»