“Turan Tovuz” Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”la keçirilən oyunun hakim idarəçiliyindən narazılıq bildirib.
“İki sahil” xəbər verir ki, bölgə təmsilçisi feysbuk səhifəsi vasitəsilə qarşılaşma zamanı baş hakim Fərid Hacıyevin onların əleyhinə haqsız qərarlar verdiyini iddia edib.
Paylaşımda qeyd olunub ki, “Turan Tovuz”un sayılmayan qolu və “Qarabağ”ın ikinci qolunda Belajdi Pusiyə qarşı olan müdaxilə zamanı referi səhv qərarlar verib: “Qarabağ”la matçda VAR sistemi olmasına baxmayaraq, top havada ikən hakimin fit çalması və təmiz qolu qeydə almaması nə dərəcədə doğrudur? Eyni zamanda, qapımıza vurulan ikinci qoldan öncə Belajdi Pusiyə qarşı edilən hərəkət cərimə zərbəsi deyilmi? Mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol, futbolçularımıza göstərilən, lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən çempionatda qızıla bərabər xallar itirməyimizlə nəticələnir. Bu səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha çox narahat edir. Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Hər hansı üstünlük, ayrıcalıq tələb etmirik, təmiz futbol, ədalətli qərarlar istəyirik”.
Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” oyunu 2:2 hesabı ilə başa çatıb. Tovuz təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.