21 oktyabr 2023 15:36
831

“İZ” adlı sənədli filmin təqdimatı olub - Qərbi Azərbaycan həqiqətləri beynləlxalq ictimaiyyətə çatdırılır

İsveçin paytaxtı Stokholm şəhərində bu ölkədə fəaliyyət göstərən “Beynəlxalq Media Mərkəzi İsveç (İnternational Media Group Sweden) və SAF Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə “İZ” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Skandinavia ölkələrindəki fövqəladə və səlahiyyətli nümayəndəsi səfir Zaur Əhmədov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı. Daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Media Qurupun İdarə Heyətinin sədri Rahim Sadıqbəyli müstəqillik günü və ölkə rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin bərpa olunması münasibəti ilə bütün Azərbaycanlıları təbrik edərək sözü Səfir Zaur Əhmədova verdi. Cənab Səfir Azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından deportasiya edilməsi tarixindən, geniş məlumat verdi.Səfir Zaur Əhmədov onu da vurğuladı ki, dünyanın bir çox ölkələri təəssüflər olsun ki, bu həqiqətləri görməzdən gəlirlər. Bizim də vəzifəmiz budur ki, belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri izah edək. Səfirin çıxışından sonra, gənc  fəal, Güney Azərbaycan Kongressinin İH-nin üzvü Ayda Əmir Haşimi tədbir haqqında isveç dilində ictimaiyyətə geniş məlumat verdi.  Daha sonra Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı, SAF Azərbaycan cəmiyyətinin İH-nin sədri Sevda Dadaşova gələn qonaqlara təşəkkür edərək, müstəqillik günü münasibəti ilə tədbirə toplaşanları  təbrik etdilər. Məhluqə xanım tədbirin məhz İsveçdə keçirilməsinin özəlliklərindən danışdı. Çıxışçılar onu da vurğuladılar ki, belə tədbirlərin nə qədər çox olması xalqımızı daha da birləşdirir və daha geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır. Çıxışlardan sonra filmin təqdimatı böyük coşqu ilə qarşılandı.  

"İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar,türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4  dəfə, (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olmuş azərbaycanlıların məşəqqətli həyat tarixçəsi, azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərinməqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

"İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli  filmində əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynləlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan azərbaycanlıarı böyük qayıdışa hazırlamaqdan ibarətdir.

Sənədli filmin layihə rəhbəri "Əlil Qadınlar Cəmiyyəti"nin sədriMəhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.