18 oktyabr 2023 10:42
600

BMT-nin Komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb etdi

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə İcma məlumat yayıb.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib:

"Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak edib.

İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat vermiş və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırmışdı.

Bu günlərdə Komitə Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib. İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapıb.

Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağrıb.

Komitə Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirib və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib".

Qeyd edilib ki, Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək.