16 oktyabr 2023 01:42
621

Qərbi azərbaycanlılar doğma torpaqlarına qovuşacağı günü səbirsizliklə gözləyirlər

Qərbi Azərbaycan İcmasının Nərimanov rayon nümayəndəliyinin ilk iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın bu günə qədərki fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib.

Bildirib ki, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev İcmanın Bakı şəhəri Nərimanov rayonu üzrə nümayəndəsi seçilib.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Nərimanov rayonu üzrə nümayəndəsi, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib və doğma torpaqlara qayıdış uğrunda fəaliyyətə öz töhfəsini vermək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu doğma yurd yerləri ilə bağlı xatirələrini bölüşüb.

Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə geri qayıdışı ilə bağlı haqq-ədalətin öz yerini tapacağına inamını ifadə edib.

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, İcmanın Ziyalılar Şurasının üzvü Musa Musayev, Ağsaqqallar Şurasının üzvü Mahal Əliyev və Rasim Daşdəmirov da çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycana qayıdışın mütləq baş tutacağına inanır, doğma torpaqlarına qovuşacağı günü səbirsizliklə gözləyirlər.