Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev qeyri-adi istedadı, zəkası ilə dünya siyasət tarixində öz imzasını qoymuş görkəmli şəxsiyyətlərdəndir. Azərbaycan tarixinin böyük bir dövrü bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Bütün həyatını öz xalqına həsr edən Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin inkişafında müstəsna xidmətlər göstərərək Azərbaycanı beynəlxalq arenada sayılıb-seçilən ölkələr sırasına yüksəltməyə müvəffəq olub. Ümummilli Lider, eyni zamanda dünya azərbaycanlılarının birliyi, həmrəyliyi, həmçinin türkdilli xaqların birliyi üçün də ciddi səylər göstərib. Türk xalqlarının əlaqələrinin genişlənməsi, onlar arasında koordinasiya yaratmaq, siyasi və mədəni əlaqələri şaxələndirmək daim Heydər Əliyevin əsas hədəflərindən olub və o, bu hədəf uğrunda böyük işlərə imza atıb. Bu baxımdan Heydər Əliyevin Azərbaycanda türkologiyanın inkişafına verdiyi töhfələr miqyassızdır.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda türkologiya inkişaf etməyə başladı, türkoloji fikir formalaşdı. Bu dövrdə ölkəmiz türkoloji mərkəzə çevrilmişdi. Hələ 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında mühüm rol oynadı. Türk xalqları və türkologiya tarixində çox mühüm mədəni, eyni zamanda siyasi hadisə olan bu qurultay xalqların inteqrasiyasına mühüm töhfələr verdi. Lakin bununla birlikdə Birinci Türkoloji Qurultay həm də iştirakçılarının həyatını böyük təhlükə altında qoydu. İştirakçıların böyük hissəsi sovet ideoloji maşınının qəzəbinə düçar olaraq pantürkist damğası ilə məhv edildi. Buna baxmayaraq bu mühüm tədbirin türkoloji düşüncənin formalaşmasında və inkişafında rolu danılmazdır. Qurultayın faciəli nəticələrindən sonra türk xalqlarının birliyi məsələsi 70-ci illərə qədər bir daha aşkar şəkildə dilə gətirilmədi.
Yalnız 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda mühüm türkoloji araşdırmalar aparılmağa başlandı. Sovet dövrünün ideoloji tələblərinə uyğun gəlməsə də, Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən bu məsələlərə diqqət ayrımağa başladı. Onun dilimizin, qədim anadilli örnəklərimizin, ortaq türkoloji təfəkkürü əks etdirən nümunələrin, SSRİ-də yaşayan türk ədəbi şəxsiyyətlərinin öyrənilməsi və təbliği məsələlərinə özünəməxsus yanaşma tərzi Azərbaycanda türkologiyanın inkişafına təkan verdi. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən birinə çevrildi. O, türk dünyasının birliyi ideyasının təməllərini artıq həmin dövrdə qoymağa başladı. Elə buna görə də Heydər Əliyev o dövrdə təkcə Azərbaycanda deyil, sovet respublikalarının türkdilli xalqları tərəfindən də çox böyük məhəbbətlə sevilirdi. “Kremldə ucalan türk bayrağı” adlandırılan bu dahi şəxsiyyət türk dünyasına sevgisi, məhəbbəti, diqqət və qayğısı ilə hamının rəğbətini qazana bildi.
1969-cu ildə SSRİ məkanında ilk dəfə Bakı Dövlət Universitetində Türkologiya kafedrasının yaradılması Azərbaycanda ümumtürkoloji müstəvidə araşdırmaların yeni istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyev türk dünyası elm və mədəniyyətinin mərkəzini yenidən Bakıda formalaşdırmağa təşəbbüs göstərirdi və 1970-ci ildə burada beynəlxalq “Sovet türkologiyası” elmi jurnalının nəşrə başlamasına nail oldu. O zaman SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR EA-nın birgə nəşri kimi fəaliyyətə başlayan bu jurnal həmin dövrdə türkoloji araşdırmaların bir növ mərkəzinə çevrildi. Müxtəlif dövrlərdə görkəmli türkoloq və dilçi alimlər M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev, K.Abdullayev, N.Məmmədlinin rəhbərlik etdiyi jurnal 1993-cü ildən “Türkologiya” adı ilə nəşr olunmağa başladı. Burada bütün dövrlərdə türkologiya elminin tarixi və müasir vəziyəti, problemləri, türk xalqlarının mənəvi sərvətinin tədqiqinə həsr olunmuş məqalələrlə bu nəşr ölkəmizdə və türk dünyasında yüksək nüfuz qazanıb. Artıq 1970-80-ci illərdə Azərbaycan türkologiya elminin mərkəzinə çevrilmişdi.
O dövrdə Heydər Əliyev türk xalqlarının ədəbiyyatı, mədəniyyəti ilə dərindən maraqlanır, onların təbliği istiqamətində müəyyən işlər görürdü. SSRİ-yə daxil olan xalqların və ümumilikdə türk dünyasının güclü milli təfəkkürə malik, türk dünyasına, türkologiyanın inkişafına xidmət göstərmiş ədəbiyyat xadimləri onun diqqətində idi və dahi lider onların azərbaycanlı yazıçı və şairlərlə yaxınlaşmasına, türk dünyası əlaqələrinin genişlənməsinə çalışırdı.
Bu mənada Heydər Əliyevin Azərbaycanda, ümumən türk dünyasında türkoloji fikrin inkişafında özünəməxsus yeri və rolu olan qazax bədii ədəbiyyatının görkəmli nümayəndəsi, linqvist, sovet dövrünün ən yaxşı türkoloqu Oljas Süleymenovla münasibətləri də diqqəti cəlb edir. Onların arasında olan səmimi dostluq xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib. “Heydər Əliyev mənim siyasi və ümumtürk dünyagörüşümü formalaşdırıb” deyən Oljas Süleymenov da öz növbəsində 90-cı illərdə Azərbaycanın haqq səsinin dünyaya yayılmasında böyük işlər görüb.
Azərbaycanda türkologiyanın inkişafında, türkoloji fikrin formalaşmasında Heydər Əliyev fenomeninin rolu danılmazdır. Təkcə ölkəmizdə deyil, dünyada türkologiyanın inkişafına, türk xalqlarını birləşdirməyə, onları vahid bir ideya ətrafında toplamağa, türk birliyi yaratmağa məhz onun təşəbbüsləri sayəsində nail olunub. O, “Həm Qırğızıstanın, həm də türk dünyasının fəxri” adlandırdığı Çingiz Aytmatovun şəxsiyyətini və yaradıcılığını da çox yüksək dəyərləndirirdi. Türk dünyası birliyinə verdiyi töhfələri həmişə xüsusi qeyd edən Heydər Əliyevin diqqəti və qayğısı ilə onun yaradıcılığı Azərbaycanda təbliğ olunur, yayılır, yaxşı tanınırdı. Ümummilli liderin bu sahədəki ardıcıl siyasətinin davamı kimi türk dünyasının, türkoloji fikrin dünyada təbliğinə mühüm töhfələr vermiş Çingiz Aytmatovun yaradıcılığı bu gün də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir.
Heydər Əliyevin türk dünyasının lideri kimi Azərbaycanda türkologiyanın inkişafındakı rolu təkcə bunlarla kifayətlənmir. O, bu məsələyə təkcə digər türk xalqları kontekstində yanaşmayıb. Onun həmçinin türk dünyasında türkoloji fikrin inkişafında rolu olan azərbaycanlı şəxsiyyətlərə münasibəti də diqqəti cəlb edir. Bu mənada Heydər Əliyevin Hüseyn Cavid irsinə olan diqqət və qayğısından danışmamaq mümkün deyil. XX əsr Azərbaycan ədəbiyyatının zirvəsi, filosof, romantik, taleyin ağır sınaqlarından keçərək öz Vətənindən ayrı düşən, öz türkçülük məfkurəsinin qurbanı olaraq qürbətdə həyata gözlərini əbədi yuman şairin cənazəsinin doğma torpağa qovuşdurulması üçün Heydər Əliyevin səyləri, nəhayət, 1982-ci ildə öz bəhrəsini verdi. H.Cavid uzaq Sibirdən gətirilərək doğma Naxçıvanda torpağa tapşırıldı. 1996-cı ildə isə Hüseyn Cavidin irsini Azərbaycan və türk xalqlarının milli sərvəti hesab edən Ulu Öndərimizin tapşırığı ilə onun məzarı üzərində möhtəşəm bir abidə ucaldıldı. Heydər Əliyev Hüseyn Cavid irsini çox yüksək dəyərləndirib, onun əsərləri haqqında dəyərli fikirlər söyləyib.
Heydər Əliyevin türkoloji fikrin inkişafına verdiyi diqqət nəticəsində onun “ən çox sevdiyi şair” – Şəhriyar da türk dünyasında tanındı, sevildi, əsərləri geniş miqyasda yayıldı. Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, lakin öz parçalanmış vətəninin digər hissəsindən ayrı düşən, Vətən həsrəti ilə yanıb-tutuşan, İran ideologiya maşınının göz açmağa qoymadığı Şəhriyara məhz Heydər Əliyev, sözün əsl mənasında, sahib çıxdı. Onu və onun türkoloji ideyalara töhfələr verən zəngin yaradıcılığını dünya türklərinə qazandırdı.
Azərbaycanın olduqca mürəkkəb sınaqlar qarşısında qaldığı, çətinliklə əldə edilmiş müstəqilliyin qorunması uğrunda mübarizələrlə keçən 90-cı illərdə belə türkologiya məsələləri Heydər Əliyevin diqqətindən yayınmır, o, türk xalqlarının birliyi uğrunda çalışmalarını ara vermədən davam etdirirdi. Təkcə Azərbaycan xalqına məxsus irsə deyil bütün türk xalqlarının irsinə hörmət və diqqətlə yanaşan Ulu Öndər “Kitabi-Dədə Qorqud”, “Manas” kimi qədim türk yaradıcılıq nümunələrini çox yüksək qiymətləndirirdi.
Heydər Əliyevin Azərbaycanda türkologiyanın inkişafında rolu danılmazdır. Bununla birlikdə Ulu Öndərimiz türk xalqlarının təfəkküründə də türkoloji fikrin təkamülünə böyük töhfələr verib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Azərbaycan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə 1992-ci ildə yaradılıb. Türkdilli xalqları mədəni cəhətdən birləşdirən bu təşkilat vahid kökdən olan dil əsasında bu xalqların birliyini həyata keçirir və türkologiyanın inkişafına mühüm töhfələr verir. Məhz Heydər Əliyevin səyləri və bu birliyə göstərdiyi qayğının nəticəsi olaraq TÜRKSOY-un işində Azərbaycanın rolu çox güclənib. Təşkilatın müxtəlif illərdə keçirilən toplantıları və mədəni tədbirlər, yubileylər və bu tədbirlərdə ulu öndərimizin tarixi çıxışları onun türk dünyasının vahid bir mərkəzdə toplanmasına, türk xalqlarının inteqrasiyasına, bu sayədə türkologiyanın inkişafına nə qədər önəm verdiyini göstərirdi.
Heydər Əliyev – qəlbi xalqının, həmçinin türk dünyasının xoşbəxt gələcəyi üçün çırpınan bu dahi insan bütün sahələrdə olduğu kimi, Azərbaycanda türkologiyanın inkişafında da müstəsna rol oynayıb. Onun türk dünyasının birliyi, türkoloji fikrin inkişafı yolunda atdığı addımlar, gördüyü işlər sayəsində bu gün artıq türk dünyası vahid platformadan çıxış edə bilir. Bu gün türklük və türkologiya məhz Heydər Əliyevin hələ sovet dövründən qurmağa başladığı və müstəqillik dövründə böyük sürətlə ucaltdığı möhkəm təməllər üzərində yüksəlir, türk dünyasının birliyi inkişaf edir və möhkəmlənir.
Nuray Əliyeva,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya elmləri doktoru