Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xalqımıza böyük sevinc bəxş etdi. Ümummilli Liderin 100 illik yubileyinin Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda qeyd etmək qürurvericidir. Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı daim zirvələrdə görmək istədi. Torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması dahi şəxsiyyətin ən böyük arzularından biri idi. Ümummilli Liderin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirləri gələcəyə, ərazi bütövlüyümüzün təmin olunmasına böyük çağırış idi. Bu gün böyük qürurla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun Özü qədər inandığı, siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə yazdı. Xalqımız son üç ildə tarixi günləri, bayramları tamamilə fərqli ovqatda, yeni hədəflərlə, arzu və istəklərlə qeyd edir.
“Heydər Əliyev İli” tarixi Zəfərimizə gedən yolun təhlilinə geniş imkanlar yaradır. Hər bir uğur, Zəfər böyük qətiyyətin, səylərin, ən əsası düzgün müəyyənləşdirilən siyasətin, yaradılan möhkəm təməlin nəticəsidir. Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək, kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə daha dolğun şəkildə çatdırmaq üçün müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmaq kifayətdir. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Zaman keçilən yolun düzgün təhlili və perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin mənbədir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin çağırışları arasında xüsusi yer tutan “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikirləri Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları fonunda öz təsdiqini tapdı. Çünki müstəqilliyimizin ilk 2 ilində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin ölkəyə rəhbərliyi ucbatından böyük təhlükələrlə üz-üzə qaldı. Xalq daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, bir sözlə, iqtidarın özbaşınalığından sabaha ümidini itirmişdi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. Xalq ayağa qalxaraq öz xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu.
Bu reallıq inkaredilməzdir ki, əgər Heydər Əliyev o vaxt xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ona görə də 1993-cü il əslində müstəqilliyimizin bərpasının ilk ili oldu. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.
1993-cü il 15 iyun tarixi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsi kimi qeyd olunur. Bu tarix, eyni zamanda, Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqlardan, tənəzzüldən xilas olaraq inkişafa doğru inamla addımladığı yolun başlanğıcı oldu. Hər bir ölkənin inkişafında siyasi sabitliyi vacib amil kimi önə çəkən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi. Bütün resursları səfərbər edərək 1994-cü il mayın 12-də işğalçı dövləti atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi. Bu mühüm addım Azərbaycanın bütün sahələrdə uğurlu inkişafına geniş yol açdı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verərək bugünkü və gələcək inkişafın əsasını qoydu. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəımlənməsində stimul oldu. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ölkəmiz qısa müddətdə investisiyalar məkanına çevrildi. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması siyasi müstəqilliyini şərtləndirdi. Bu gün Azərbaycanın beynəlxalq aləmdə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında “Əsrin müqaviləsi”nin rolu inkaredilməzdir. Neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondu da Ümummilli Liderin Azərbaycanın bu günü üçün atdığı mühüm addımlar sırasındadır. Fondun vəsaitləri hesabına müxtəlif sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkənin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. Ümummilli Lider neftin xalqın sərvəti olduğunu bildirərək ondan indiki və gələcək nəsillər üçün istifadə edilməsinə çağırışlar etdi.
Azərbaycana hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının nə qədər geniş olduğunu görərik. Ölkəmizdə demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımların ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, bu gün ölkəmizin demokratiya təcrübəsi dünyaya nümunədir. Azərbaycan demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyərək 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və fikir azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün milyonların partiyası kimi nüfuz qazanan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiya yarandığı gündən tutduğu yola sadiqliyi ilə xalqın inamını və etimadını qazandı. 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən müraciəti tarixə mühüm hadisə kimi yazıldı. Həmin müraciətdə partiyanın yaradılmasını zəruri edən səbəblər, həmin dövrün reallıqları öz əksini tapmışdır. Ümummilli Lider həmin müraciətə cavabı ilə bir daha xalqın yanında olduğunu, arzu və istəklərinin həyata keçirilməsi üçün dəstəyini əsirgəmədiyini təsdiqlədi. YAP yaradılmasından qısa zaman, 7 ay sonra iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanla yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu.
Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında böyük inam və qürur hissi ilə qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır. Onun siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Bu məqam da xüsusi qeyd edilmişdir ki, Onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynadı: “Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.” Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının inkişaf yolunda inamla irəliləməsində öz sözünü dedi. Ümummilli Liderin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi özünü doğrultdu. Bu fikirlərin davamı olaraq dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında belə bir fikri əminliklə qeyd etdi ki, YAP ənənələri olan partiyadır. Bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 2021-ci ilin sonlarında “Biz birlikdə güclüyük!”devisi əsasında təsdiqlənən yeni Proqramda partiyanın hədəfləri öz əksini tapıb. Hazırkı dövrün əsas çağırışı olan soydaşlarımızın tam tərkibdə Böyük Qayıdışının təmin edilməsi YAP-ın yeni Proqramında əsas hədəflər sırasındadır. Yeni formalaşan tərkib, yeni qərarların qəbulu və yeni Proqram YAP-ın qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına böyük stimuldur.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsinə də geniş yol açdı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Lider hər bir xarici ölkəyə səfəri zamanı diqqəti Azərbaycan həqiqətlərinə, Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Qarşıya bu hədəf qoyuldu ki, diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır. Qarabağ münaqişəsinin həlli dövlətimizin xarici siyasətinin əsas məsələsi kimi öndə dayandı. Həmçinin sülh danışıqlarını cəsarətlə aparmaq üçün müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğuna diqqət artırıldı. Bu məqamı da xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyən Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə mühüm addımlar atmışdı ki, bunlardan da biri Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir. Ulu Öndərin rəhbərliyi ilə yaradılan möhkəm təməl Azərbaycan Odusunun dünyanın ən güclü orduları sırasında qərarlaşmasında özünün aydın ifadəsini tapır. 1993-2003-cü illər tariximizə sabitlik, inkişaf, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi yazılıb. Son 20 ilə yaxın zamanda möhtərəm Prezidentimiz İlham Əliyev fəaliyyətini o illərdə müəyyən edilmiş strategiya çərçivəsində davam etdirərək Azərbaycanı inkişaf etdirir, tariximizə zəngin uğur səhifələrinin yazılmasını təmin edir.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı mühüm, bugünümüz və gələcəyimiz üçün vacib xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciəti oldu. Dahi şəxsiyyət cənab İlham Əliyevin Onun axıra çatdıra bilmədiyi işləri, planları axıra çatdıracağına əminliyini ifadə etdi. Şah əsəri olan müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməl üzərində davamlı inkişafını təmin etmək üçün inamın növbəti ünvanını göstərdi. Cənab İlham Əliyev ilk gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi və 2003-cü ildə keçirilən andiçmə mərasimində belə bir müraciəti etdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik!”
Cənab İlham Əliyev hər bir vədini reallığa çevirir. Azərbaycanı yüksək zirvələri fəth etdirən dövlət başçısı İlham Əliyevin Prezidentliyi dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə, son üç ili bu ərazilərin bərpasına və yenidən qurulmasına həsr edilib. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramlarının təsdiqi və uğurlu icrası paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafına geniş imkanlar yaratdı.
Ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsi, 2016-cı ildə keçirilən ümumxalq səsverməsi zamanı vitse-prezidentlik institutunun yaradılması və 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə kompleks tədbirlərin davamlılığının təmin edilməsində öz sözünü deyir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, dövlətin qüdrətinin artırılması əsas prioritetlər sırasındadır. Onu da qeyd edək ki, Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun ölkəmizdə bütün sahələrin inkişafına xidmət edən təşəbbüsləri, addımları Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir. Dövlət başçısı İlham Əliyev 21 fevral 2017-ci il tarixdə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təqdim edərkən bildirmişdir ki, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır: “Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək.”
Xalqımız Azərbaycanın möhtəşəm uğurlarının davamlılığına əmindir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində son üç ildə azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Bu, bütün dünya azərbaycanlılarını qürurlandırır. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində bildirmişdir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bütün çıxışlarında, öz döğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşlərində Qarabağ münaqişəsinin həllini tapacağını, məcburi köçkünlər üçün yaradılan şəraitin müvəqqəti olduğunu, onların tezliklə öz torpaqlarına qayıdacaqlarını böyük əminliklə söyləyən Müzəffər Ali Baş Komandan o günün gələcəyinə inanırdı. Çünki hədəf ərazi bütövlüyümüzün bərpası, işğala son qoymaq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləmək, azad edilmiş torpaqlarımızda yeni həyatın başlanması idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında Ermənistanın yürütdüyü faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edərək işğalçı ölkənin baş naziri Nikol Paşinyana beynəlxalq hüquqdan və tarixdən sözün əsl mənasında dərs keçərək “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi. Bu bəyanatdan bir il sonra, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, həqiqəti inkar etmək qeyri-mümkündür. Ədalət gec-tez zəfər çalır.
İşğaldan azad edilmiş ərazilərimizin dirçəlməsi Azərbaycanın iqtisadi və siyasi gücünün təqdimatıdır. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə inamla addımlayacaq, daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq.
Abil Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının sədri