O tarixi torpaqlarımızdan gələn qəm karvanı geriyə xoş müjdələrlə qayıdacaq
Gəncə xanlığının mahallarından biri olan Qazax-Şəmşəddil mahalı 1747-ci ildə yaranıb və Şah İsmayılın dövründə nüfuzlu Zülqədər tayfasının qollarından biri olan Şəmsəddinli elinin adını əks etdirir. Bu el hələ 1515-ci ildə indiki Tavuş mərzliyi ərazisində məskunlaşıb.
Şəmşəddil Gəncə xanlığına tabe olan sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarət idi. Mərkəzi Tovuzun Öksüzlü ərazisindəki oba sayılırdı. Şəmşəddil sultanlığına zülqədərlər başçılıq edirdilər. Onlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı müxtəlif vaxtlarda Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda mübarizə aparırdı. Tarixdə Şəmsəddin mahalı da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatıldı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi. Şəmsəddilin ən qüdrətli hakimi Nəsib Sultan olmuşdur (1797-1819).
Qafqaza ayaq açan Rusiya imperiyası 1801-ci ildə Gürcüstanla birlikdə tarixi Azərbaycan torpaqlarını, əsrlər boyu yalnız türklərin yaşadığı Qazax, Borçalı və Şəmşəddil sultanlıqlarını işğal edib. Bu işğalda yarı erməni, yarı gürcü olan, Rusiya-Türkiyə müharibələrində iştirak edən qəddar general Pavel Sisianov xüsusi canfəşanlıq göstərib. O, 1806-cı ildə Bakı xanlığına hücumu zamanı danışıqlara çağırılıb və orada Bakı hakimi Hüseynqulu xanın əmisi oğlu tərəfindən öldürülüb. Çarizmin ağır vergi siyasətnə qarşı 1844-1845-ci illərdə Şəmşəddildə kəndlilərin etirazları rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.
Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulduqdan sonra Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara, yəni indiki İcevan, Çəmbərək - indiki Krasnoselo, Şəmşəddil - indiki Tavuş mərzliyi və Dilican rayonları təşkil edilib. Ancaq doğma yerlərimizdən silah gücünə zorla ayrı salınmağımıza baxmayaraq yurd sevgisi daim şair və yazıçılarımızın əsərlərində öz əksini ürək ağrısı ilə tapıb. Təsadüfi deyil ki, Aşıq Ələsgər deyişmələrindən birində Şəmşəddilin adını çəkir:
Qarışdırma Şəmşəddili, Göyçəni,
Özündən özümə yaz, şair Nağı.
Yurduna qırılmaz tellərlə bağlı olan ölməz şairimiz Səməd Vurğun da vaxtilə sevimli oylağımız olan Dilicanı belə vəsf edir:
Qarışsın Qazağa Dilican dərəsi,
Daha da birləşib olsunlar bir can.
Qərbi Azərbaycanın tarixi mahallarının adlarının saxtalaşdırılması, oğuz türklərinin izinin itirilməsi, tarixi abidələrin dağıdılması xain və məkrli siyasətdən, istilaçı çar Rusiyası və onun Cənubi Qafqazda Azərbaycan torpaqları üzərində yaratdığı süni Ermənistan adlanan dövlətdən qaynaqlanıb. Rusiyanın planına əsasən İrandan, Türkiyədən və digər ölkələrdən köçürülən ermənilər ərazilərimizdə möhkəmlənən kimi toponimlərimizin adlarını dəyişməyə başladılar. Bununla kifayətlənməyən bir ovuc erməni çar Rusiyasının hərbi köməyi ilə azərbaycanlıları öz yurdlarından didərgin saldılar. Ardı-arası kəsilməyən qətllər, soyqırımları təşkil etdilər.
İşğalçılar iki əsrdən çoxdur ki, qəhrəman oğuz türklərinin gözünü qorxutmağa çalışırlar. Amma türkün qüdrəti qorxaqlığında deyil, onun səbrində və mərdliyindədir. Mərdin qarşısında isə bütün yollar həmişə açıqdır. Əminik ki, otuz beş ildir Vətən həsrəti, doğma yurd yerini itirmək əzabı ilə ömür sürən Qərbi azərbaycanlılar qayıdış hüquqlarından istifadə edib bir gün öz doğma yurdlarına dönəcək, evlərinin işığını yandıracaqlar.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəlinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin xatirələrini işıqlandırmaqdır. Çox keçməz ki, qəm yükü gətirən karvanımız xoş müjdələrlə geri qayıdar.
Vəli İlyasov, "İki sahil"