04 oktyabr 2023 00:46
339

Düşmənin cinayətləri səngimək bilmir

Qarabağda lokal antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib

Ermənistan 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurdaçoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru əsas yerlərdən birini tutur. Azərbaycan ərazilərində kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükə yaradır.

Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb. İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.

Xatırladaq ki, sentyabrın 19-da erməni diversiya qrupunun Füzuli-Əhmədbəyli-Şuşa yolunda yerləşdirdiyi minaların partlaması nəticəsində 2 mülki yol inşaatçısı faciəvi şəkildə həlak oldu. 4 polis əməkdaşı isə həmin hadisəsinin baş verdiyi əraziyə baxış keçirməyə cəhd edərkən eyni bölgəyə yaxın yerdə quraşdırılmış növbəti minanın partlamasının qurbanı oldular. Eyni zamanda, bu partlayışlar Azərbaycanın daha 6 polisinin ağır yaralanmasına səbəb oldu. Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub. Heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib.

Həmçinin Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb. Belə ki, lokal antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib. 480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil. Ən son məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb. Bundan əvvəl isə məlum olub ki, aprelin sonunda - Laçın dövlət sərhədində buraxılış məntəqəsi yaradılmamışdan əvvəl Ermənistan yeni istehsal olunmuş minaları Qarabağa çatdırmaq üçün Laçın yolundan sui-istifadə edib. Minalar müharibə silahı kimi istehsal olunsa da, görünən odur ki, qurbanların yalnız 10 faizi hərbçilərdir. Düşmən məhz mülki sakinləri, o cümlədən qadın və uşaqları, təsərrüfat işləri ilə məşğul olan insanları hədəfə alıb.

Şübhəsiz ki, bu minaların zərərsizləşdirilməsi çox böyük səylər tələb edir. İnsanların həyatının xilası üçün isə Ermənistan yeni minalanmış ərazilərin xəritələrini verməli və Azərbaycana minatəmizləmə səylərində kömək etməlidir. Azərbaycanın Baş prokuroru Kamran Əliyev də jurnalistlərə açıqlamasında Ermənistanın hələ də mina xəritələrini vermədiyini, təqdim olunan xəritələrin isə həqiqəti əks etdirmədiyini bildirib.

Ümumiyyətə, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə Ermənistanın 1200 km-dən artıq təmas xətti boyunca yerləşdirdiyi mina təhlükəsi ilə üz-üzə qalıb. Mina partlayışı nəticəsində 314-dən çox ölüm faktı qeydə alınıb. Statistikaya əsasən, 2020-ci ilin noyabrından bu ilin sentyabrın 1-nə qədər isə 95 318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Göründüyü kimi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi öz fəaliyyətini uğurla davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələrlə və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycan eyni zamanda, humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması təşəbbüsü ilə də çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətində də müəyyən işlər aparılır. Bir sözlə, Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstində görür. Məhz buna görə də Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir. Görülən işlərlə yanaşı, Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.

Nigar Orucova, “İki sahil”