27 sentyabr 2023 00:58
933

“HEYDƏR ƏLİYEV İLİ”NƏ DƏYƏRLİ TÖHFƏ

Azərbaycan xalqının tarixində və taleyində Heydər Əliyevin rolunu tam dolğunluğu ilə ifadə edən tərif tapmaq qeyri-mümkündür. O, həm Ümummilli Lider, həm görkəmli dövlət xadimi, həm də yeni, suveren Azərbaycanın memarı və əlbəttə ki, böyük bir nəslin Heydər babasıdır. Onun dövlətçilik, siyasi, ideya-nəzəri, ideya-tərbiyəvi, maarifçilik, təşkilatı və diplomatik fəaliyyətinin hətta kiçik bir tərifinin tam həcmini və məzmununu ən geniş və əhatəli məfhumla ifadə etmək mümkün deyildir. Çünki bu görkəmli şəxsiyyətin qeyri-adiliyi, siyasi təfəkkürünün çevikliyi, istər ənənəvi, istərsə də meydana çıxan yeni problemlərin həllinə yenilikçi kimi yanaşması, məsələlərin həllində psixoloji amildən istifadə etmək qabiliyyəti və həddən artıq kəskin siyasi duyumu siyasi, dövlətçilik, ideya-nəzəri və sosial fəaliyyətinin hər bir tərəfini yeni keyfiyyətlərlə, qeyri-adi ünsürlərlə və xüsusiyyətlərlə daha da zənginləşdirir.

Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı əsasında “Heydər Əliyev İli” elan olunmuşdur. Xalqımızın taleyində xüsusi yeri və rolu olan qüdrətli rəhbərə ümumxalq ehtiramını dövlət səviyyəsində ifadə edən bu dövlət sənədi qüvvəyə mindiyi gündən dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərini öyrənən müxtəlif səpkili tədbirlər silsiləsi vüsət aldı, biri-birinin ardınca kitab və monoqrafiyalar işıq üzü gördü. Bu qiymətli nəşrlər arasında diqqəti özünə cəlb edən dəyərli əsərlərdən biri kimi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın həmmüəllifliyi ilə bu yaxınlarda “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabı bu sahədəki uğurlu əsər kimi oxucuların istifadəsinə verilmişdir. AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə çap olunan əsərin elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik İsmayıl Hacıyev, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur.

İ.Hacıyev “Heydər Əliyevin tariximizdə və taleyimizdəki yeri və rolu” sərlövhəli “Ön söz”də yazır: “Ümummilli Lider, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev uzun illər Azərbaycan dövlətinə uğurla rəhbərlik etmişdir. Azərbaycan bilavasitə onun rəhbərliyi ilə hərtərəfli inkişaf etmiş, müstəqilliyini bərpa etmiş və beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır”.

“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabı Heydər Əliyevin ideya-nəzəri irsinin, dövlət xadimi kimi 35 illik bir dövrü əhatə edən siyasi fəaliyyətininin bəzi məqamlarını öyrənir. Altı bölmədən ibarət əsərin ilk bölməsi “Heydər Əliyev və Azərbaycan” adlanır. Dörd paraqrafdan ibarət olan birinci bölmədə görkəmli dövlət xadimi Heydər Əliyevin XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş qüdrətli şəxsiyyət kimi müasir, müstəqil Azərbaycanın quruculuğuna gedən yolu geniş şəkildə təhlil edilir. Həmçinin Ulu Öndər Heydər Əliyevin xalqımız üçün yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, əsl mənada xilaskarı və müdrik rəhbəri kimi ideyaları, müqəddəs işi və əməli tutarlı faktlarla diqqətə çatdırılır.

Əsərdə mühüm fikirlər səsləndirilən əhəmiyyətli paraqraflardan biri “Heydər Əliyevdən İlham Əliyevə: Azərbaycan multikulturalizmi” başlıqlı məqalədir. Məqalə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin çap etdirdiyi “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan əsərləri, xüsusilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlanan əsərin başlıca məsələlərindən bəhs edir. Müəlliflər əsər haqqındakı təhliledici fikirlər kontekstində Azərbaycan xalqının bütün zamanlarda mültikultural, tolerant bir xalq olmasını göstərmiş, Azərbaycan Respublikasında Heydər Əliyevdən İlham Əliyevə qədər həyata keçirilən taleyüklü məsələlər və əhəmiyyətli tədbirlər barədə minnətdarlıqla bəhs etmişlər.

Əsərin diqqəti özünə cəlb edən ikinci bölməsi “Heydər Əliyev və türk dünyası strategiyası” adlanır. “Dünyaya gələn nadir siyasət adamları təkcə öz ölkələrinin deyil, bütöv bir epoxanın tarixini müəyyən edirlər” deyən müəlliflər Heydər Əliyevin siyasi-ideoloji fəaliyyətinin Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə etdiyini xüsusi vurğulayır və tarixi faktları ardıcıllıqla oxucunun diqqətinə çatdırırlar. Heydər Əliyev və türk dünyası geniş bir mövzu olaraq “Heydər Əliyev və türk dünyasının birliyi məsələləri”, “Heydər Əliyev və türk dünyası ədəbiyyatı”, “Ümummili Lider və qorqudşünaslıq” adlı məqalələrdə Azərbaycan xalqının Ümummilli Liderinin ayrı-ayrı türk dövlətləri və xalqları ilə çoxcəhətli əlaqələri, türk dünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyəti, elm, təhsil, ədəbiyyat və incəsənət istiqamətləri kontekstində tarixi əhəmiyyəti təqdim və təhlil olunur.

Əsərin üçüncü bölməsinin “Heydər Əliyevin dil və ədəbiyyat siyasəti” adlandırılması və kitabda bu məsələlərə geniş yer verilməsi heç də təsadüfi deyil. “Ümummilli Lider və milli dilimizin inkişaf məsələləri”, “Ulu Öndərin ideyaları işığında dilimiz və dilçiliyimizin inkişafı məsələləri”, “Milli dəyərlər sistemində Ulu Öndər Heydər Əliyevin dil siyasəti” və s. paraqraflarda aydın olur ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.

Müəlliflər bu bölmənin “Müstəqil dövlətimizin milli dil siyasəti” adlı paraqrafında Ümummilli Lider Heydər Əliyevin dil quruculuğu siyasətini onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil etdiyini məxsusi olaraq ön plana çəkərək qeyd edirlər ki, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.

Əsərin “Ulu Öndər Heydər Əliyev: bütöv Azərbaycanın lideri” adlanan paraqrafında dahi rəhbərin bütöv və böyük Azərbaycan haqqındakı idealları və fəaliyyəti yer almışdır. Müəlliflər böyük öndərin liderlik fəaliyyətində Cənubi Azərbaycanın hər zaman ön planda olduğunu qeyd etmiş, Cənubi Azərbaycandan olan görkəmli şəxsiyyətlərə ehtiram və qayğının fonunda bütövlük haqdakı ideallarını elmi təhlilin mərkəzinə gətirmişlər. Ulu Öndərin Cənubi Azərbaycandan olan böyük şair Məhəmmədhüseyn Şəhriyara, Söhrab Tahirə, Balaş Azəroğluna, Cavad Heyətə, Mirzə İbrahimova, Məhəmməd Biriyaya və başqalarına olan münasibəti və qayğısı fonunda bütöv Azərbaycan barəsində birlik ideyaları təqdim və təqdir olunmuşdur.

“Ulu öndər Heydər Əliyevin ədəbiyyat siyasəti Cavid işığında” adlanan məqalədə dahi liderin ədəbiyyat siyasəti təhlil predmetinə çevrilmişdir. Müəlliflər müdrik lider Heydər Əliyevin ədəbiyyat sevgisindən geniş bəhs açmaqla bərabər, Azərbaycanın dünyaşöhrətli ədəbiyyat xadimi, böyük romantik şair Hüseyn Cavidin şəxsiyyətinə, ailəsinə və yaradıcılığına verdiyi yüksək qiymətin və gördüyü misilsiz tarixi xidmətlərin kontekstində Ulu Öndərin Azərbaycan xalqının ədəbiyyatı və mədəniyyəti qarşısındakı rolunu qiymətləndirmişlər.

Əsərin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlanan dördüncü bölməsinin ilk paraqrafında “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişaf məsələləri”indən geniş şəkildə bəhs edilir. Bu bölmənin ikinci paraqrafında “Ulu Öndərin ilk bədii obrazı Naxçıvan səhnəsində” adlanır. Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesinin təhlili əsasında Heydər Əliyevin liderlik və xilaskarlıq missiyası, onun Azərbaycanın ən çətin məqamında siyasətə yenidən qayıdışı və xalqın məhəbbətinə dayanan rəhbər obrazı şərh edilmişdir. Naxçıvan Dövlət Milli Dram Teatrı kollektivinin ustalıqla oynadığı əsərin məziyyətləri məqalədə təhlil edilmiş və Heydər Əliyevin lider və rəhbər obrazı geniş şərh olunmuşdur.

Əsərin beşinci bölməsi “Heydər Əliyevin siyasi fəaliyyəti araşdırmalar işığında” adlanır. Bu bölmədə müəlliflərin Ulu Öndərin siyasi fəaliyyətinin həsr edilmiş əsərlərə yazdığı və KİV-də müxtəlif vaxtlarda çap olunan təhlil xarakterli resenziyaları daxildir. Görkəmli dilçi-türkoloq, akademik Nizami Cəfərovun “Heydər Əliyevdən İlham Əliyevə” və “Türk birliyi strategiyası: Heydər Əliyevdən İlham Əliyevə” adlı monoqrafiyalarını təhlil süzgəcindən keçirən alim “Heydər Əliyevdən İlham Əliyevə: akademik N.Cəfərovun araşdırmalarında” adlı məqaləsində bu sanballı monoqrafiyalarla yanaşı, alimin müxtəlif illərdə bu mövzuda yazdığı məqalələri də təhlil edir və Əliyevşünaslığa mühüm töhfə kimi qiymətləndirir.

Kitaba daxil edilən “Heydər Əliyevin milli dil siyasəti professor Yusif Seyidovun araşdırmalarında” adlı məqalədə Ümummilli Liderə həsr olunmuş professor Yusif Seyidovun 15 cildlik əsərlərinin V cildindəki “Heydər Əliyev və demokratiyanın şərəfli yolu” adlı əsəri haqqında geniş şərhləri əldə edirik.

Bu bölmənin ən maraqlı məqalələrindən biri də akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasından bəhs edən “Tarix və müasirlik kontekstində Heydər Əliyev siyasəti” adlanır. Monoqrafiyanı geniş şəkildə araşdıran alim bu məqalədə akademik İ.Hacıyevin dahi liderə həsr edilən çoxsaylı əsərlərinin Əliyevşünaslıqdakı yeri və mahiyyəti haqqında dəyərli fikir və faktları ortaya qoyur, həmçinin əsəri “Heydər Əliyev İli”nə ən layiqli töhfə kimi dəyərləndirir.

Maraqlı məqalələrdən biri də müəlliflərin görkəmli akademik, ədəbiyyatşünas alim Bəkir Nəbiyevin “Heydər Əliyev haqqında etüdlər” əsəri haqqındakı düşüncələridir. Buradakı dolğun fikir və mülahizələr Azərbaycan xalqının taleyində Heydər Əliyev dühasının yerini və statusunu müəyyənləşdirməyə əsas verir.

Əsərin beşinci bölməsinin sonuncu məqaləsi filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və Zülfiyyə İsmayılın Azərbaycanın ümumi inkişaf istiqaməti və xronikasından bəhs edən “Müstəqillik yollarında: Liderlik missiyası” adlı üç bölmədən ibarət olan əsərə yazılmış “Ulu Öndərin liderlik missiyası” adlanır. Dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə çap olunan bu kitabın məqsəd və məramı həmmüəlliflər tərəfindən geniş şərh olunur.

 Əsərin maraq doğuran kövrək notlarla akkordlanan sonuncu bölməsi “Oxşar talelər işığında Heydər Əliyev” adlanması heç də təsadüfi xarakter daşımır. Biz altıncı bölmənin “Oxşar talelər: Heydər Əliyev və Əziz Əliyev” adlı ilk məqaləsində Qərbi Azərbaycanın vətənpərvər oğlu, görkəmli elm və dövlət xadimi Əziz Əliyevin tərcümeyi-halının tarixi məqamları ilə tanış oluruq. Həmmüəlliflər Əziz Əliyevin Heydər Əliyevin həyatında oynadığı müstəsna roluna da diqqət çəkərək oxşar talelələrin xalqımız və dövlətimiz qarşısında xidmətlərini müqayisəli şəkildə təhlil edirlər.

Fikir, ideya və məntiq cəhətdən biri digərinin davamı olan 22 məqalədən ibarət olan bu əsərin sonuncu – nəticə xarakterli məqaləsi “Heydər Əliyev ideyalarından Böyük Zəfərə” adlanır. Əsasən Ali Baş Komandanın Zəfər üslubunu ələ alan bu məqalədə Qarabağ məsələsinin tarixi köklərindən başlamış ta əldə olunmuş qələbəyə qədər olan yola nəzər salınmış, Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi Azərbaycanın Vətən müharibəsindəki böyük tarixi Qələbəsi təhlil predmetinə çevrilmişdir. Burada müdrik lider Heydər Əliyevin uzaqgörən siyasi xətti və müdrik dövlətçilik yolunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bunun sayəsində Azərbaycana böyük nailiyyətlər, zəfərlər qazandırması, 44 günlük Vətən müharibəsindəki böyük Qələbəsi ilə nəticələnməsi müdrik siyasətin böyük qələbəsi olaraq dəyərləndirilmişdir.

Son olaraq qeyd edək ki, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın Azərbaycanşünaslığın əsas mənbələrindən birini təşkil edən görkəmli dövlət xadimi, böyük mütəfəkkir Heydər Əliyevin zəngin elmi-siyasi irsindən bəhs edən “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabı yeni elmi dəyərlərlə malik, zəngin və olduqca qiymətli mənbədir. Əminliklə deyə bilərik ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu əsər “Heydər Əliyev İli”nə və Əliyevşünaslığa ən dəyərli töhfələrdən biri kimi özünə layiqli yer tutacaqdır.

Zülfiyyə İsmayıl,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent