26 sentyabr 2023 00:32
680

Soydaşlarımızın doğma torpaqlarına qayıtmaları üçün mühüm addımlar atılır - Qərbi Azərbaycan

İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi ta qədimdən oğuz-türk yurdu olub. Bu torpaqlarda azərbaycanlılar min illərlə yaşayıblar. Ermənilər çar Rusiyası tərəfindən bu ərazilərə köçürüldükdən, xüsusilə Ermənistan adlı dövlət yaradıldıqdan sonra zaman-zaman soydaşlarımızın oradan qovulması hakmiyyət orqanlarının kütləvi qırğınlar törətməsi ilə xarakterizə olunan uzun və ağrılı bir proses olub. Bu zorakı proses 1828-ci ildən başlayaraq xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ən dəhşətlisi odur ki, 1988-1991-ci illərdə isə 300 min nəfərə yaxın soydaşımız öz dogma yurdundan deportasiya olunub. Sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailə zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb. Həmin vaxt erməni barbarları tərəfindən 300-dən artıq məscid, müqəddəs məkan və ziyarətgah dağıdılıb, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki çıxışı zamanı verdiyi tapşırıqlar əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün uğurla reallaşmaqdadır. Ölkəmizin başçısı proqram xarakterli, tapşırıq və tövsiyələrlə zəngin çıxışında ermənilərin tarixən Cənubi Qafqazda heç vaxt dövlətinin olmadığına yenidən diqqət çəkərək bildirib: “Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq… Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

Hazırda dövlətimizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədəki çıxışında bildirib ki, Qərbi Azərbaycana qayıdışla bağlı komissiya yaradılır. Ermənistan ərazisində 1987-1991-ci illərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə çoxlu faktlar, sənədlər, şahid ifadələri var. Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcmasının müraciəti ilə Azərbaycan Respublikası Baş Prokurorluğu bu istiqamətdə müvafiq addımlar atıb və bu iş davam edir.

İctimai dinləmədəki çıxışında Baş prokurorun müavini Elmar Camalov bildirib ki, Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib.

Beynəlxalq hüquqda, konvensiyalarda insanların öz tarixi vətənlərinə, torpaqlarına qayıdış haqqı təsbit olunub. Bütün bunların fonunda Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edib.    

Göründüyü kimi, Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına sülh yolu ilə qayıtmaları üçün mühüm addımlar atılır. Ölkəmizin başçısının bildirdiyi kimi, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Zahid Rza, “İki sahil”