Dahi Bülbülə həsr olunan Bülbül vokal məktəbi yaradılıb.
“İki sahil” xəbər verir ki, layihənin ideya müəllifi Əməkdar artist, vokal ifaçısı Ramil Qasımovdur. R.Qasımov qeyd edib ki, Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında "Solo oxuma və opera hazırlığı" kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır.
Vokal ifaçısı bildirib ki, məktəbi yaratmaq ideyası onda çoxdan olub və dəfələrlə canlı əfsanəmiz Polad Bülbüloğlu ilə bu barədə danışıb: "Bildiyiniz kimi mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün tədrisdə müxtəlif vokal texnikalarından müəllimlərimiz istifadə edir. Bunlar tədqirəlayiqdir. Təqdim edəcəyim vokal məktəbi isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənərək bizə məxsus dil fonetikasına köklənir. Düşündüm və qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq intensiv məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik".
R.Qasımov həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını vurğulayıb.