20 sentyabr 2023 10:33
575

Qərbi Azərbaycan İcması Litva və Estoniya XİN-nin bəyanatlarını pisləyib

Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Estoniya Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı yaydığı məlumatda qeyd edilib.

“Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır”, - bəyanatda vurğulanır.

Qərbi Azərbaycan İcması Litvanın xarici işlər nazirinin bəyanatını da pisləyib.

Məlumatda deyilib ki, Qərbi Azərbaycan İcması Litvanın xarici işlər nazirinin bəyanatını qətiyyətlə rədd edir:

"İlk öncə vurğulamaq istərdik ki, Litvanın Azərbaycanın daxili işlərinə müdaxilə etməyə heç bir haqqı yoxdur. Hər bir ölkə açıqlamalarında məsuliyyətli olmalı, özünü gülünc vəziyyətə salmamalıdır.

Litva xüsusən Vətən müharibəsindən bəri davamlı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir. Bir neçə il öncə Litva diplomatlarının Ermənistan-Azərbaycan münaqişəsində məhz xristian olduqları üçün erməniləri dəstəkləməyin vacib olması barədə internetdə yayılmış səs yazıları Litva diplomatiyası üçün utanc olmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğalının, öz ərazisindən və vaxtilə işğal edilmiş ərazilərdən yüz minlərlə azərbaycanlını qovmasının Litva tərəfindən nə üçün heç vaxt pislənilməməsinin əsl səbəblərini aydın izah edir.

Litva öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı və inteqrasiya məqsədilə onlarla dialoq aparmalıdır".