14 sentyabr 2023 10:46
475

İcma: Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın “POLITICO Europe” nəşrinə müsahibəsi və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yeritmədiyini, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olmasını nümayiş etdirir.

Bu barədə “İki sahil”ə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd edildiyinə görə, N.Paşinyanın fikirləri onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hətta sözdə belə tanımasını şərtləndirir. Ermənistan yenə də hansısa “beynəlxalq mexanizm”in yaradılması xülyasındadır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı siyasəti, onlarla dialoq Azərbaycanın sırf daxili işidir və bu məsələlərin Ermənistana heç bir aidiyyatı yoxdur. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Bu, qeyri-ciddi və təhlükəli siyasətdir.

Baş nazirin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, çünki müttəfiqlərimiz susdu” fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir. Belə çıxır ki, Ermənistan kənardan dəstək alsaydı, onda Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Bunu o dövlət deyir ki, özünə gələndə hər fürsətdə suverenliyini, ərazi bütövlüyünü, qırmızı xəttlərini qabardır, “timsah göz yaşları” axıdır, Azərbaycanın suverenliyinə qarşı beynəlxalq müstəvidə çirkin böhtan kampaniyası aparır.

Görünən odur ki, N.Paşinyan hələ də 30 il ərzində Ermənistanda təşəkkül tapmış irqçi, azərbaycanofob ideologiyanın təsiri altındadır. Həmin ideologiyanın əsas sütünlarından biri “Qarabağ məsələsi bitib, çünki erməni xalqı Qarabağ məsələsini döyüş meydanında həll edib” düşüncəsi idi. Erməni xalqının Qarabağ məsələsini necə “həll etdiyini” Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsi zamanı döyüş meydanında göstərdi.
Qərbi Azərbaycan İcmasının dialoq təklifini qəbul etməyən, azərbaycanlıların qayıdış hüququnu inkar edən N.Paşinyan yəqin ki “Qərbi azərbaycanlılarla bağlı məsələni biz həll etmişik” düşüncəsindədir. Bu, yanlış yanaşmadır. Qərbi azərbaycanlılar dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq əzmindədirlər və heç kim bunu əngəlləyə bilməz.