Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "İki sahil"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edib.
Azərbaycanın və Türkiyənin Bolqarıstandakı Səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə, həmçinin Bolqarıstan Milli Assambleyasının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin sonunda Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edən azərbaycanlı və türk sənətçilərlə görüşüb, onlarla söhbət edib.