13 sentyabr 2023 01:15
596

Monoetnik Ermənistanda soyqırımına məruz qalan irsimiz

Qərbi Azərbaycanda erməni vandalizminin qurbanı olmuş mədəniyyət abidələrindən əsər-əlamət qalmayıb

İndi Ermənistan adlandırılan və Azərbaycan türklərinin qədim ata-baba yurdu olan Qərbi Azərbaycan ərazisində minlərlə tarix, mədəniyyət, daşınan və daşınmaz irs nümunəmiz olub. Hazırda onların heç birindən əsər-əlamət qalmayıb.

Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində İslam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud idi. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində olan məscidlərin hər biri öz arxitekturasına görə dəyərli memarlıq nümunəsi kimi dünya mədəniyyətinin inciləri olaraq tarixə düşüb. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılıb. Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycan hazırda “Ermənistan” adlanan torpağın aborigen əhalisi məhz Azərbaycan türkləri olub.

1828-ci ildə Türkmənçay müqaviləsindən sonra bölgəyə İran və Türkiyədən gələn ermənilər bu əraziyə yerləşdirildilər. Ermənilər isə möhkəmlənəndən sonra bu əraziləri erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları veriblər. Bu gün İrəvanın qədim tarixinə dair əldə olan məlumatlar olduqca azdır. Bunun səbəbi sözügedən şəhərin 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri incəsənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpic və daşla xüsusi zövqlə inşa edilən məscidlər, karvansaralar öz orijinallığı və üslub zənginliyi ilə daim görənlərin könlünü oxşayıb. Bu haqda əraziyə səfər edən səyyahlar, alimlər öz əsərlərində də dəfələrlə yazıblar. Lakin bu abidələr zamanla ermənilər tərfindən dağıdılıb, formasiyası dəyişdirilib və yer üzündən silinib.

Ötən əsrin 80-ci illərinin sonlarında erməni millətçiləri tərəfindən sonuncu azərbaycanlılar da öz ata-baba yurdlarından didərgin salındıqdan sonra  haylar abidələrimizə divan tutublar. Alban-xristian dövrünün yadigarı olan məbədləri mənimsəyib, saxtalaşdıraraq erməniləşdiriblər. İndiki Ermənistan ərazisində qədim türklərə aid olan Abaran, Gərnibasar, Göyçə, Qırxbulaq, Loru, Şörəyel, Talin, Vedibasar, Zəngəzur, Zəngibasar mahallarının abidələri erməni vandalizminə məruz qalıb. Ermənilər saxtalaşdırdıqları abidələrimizin üzərindən isə milli identikliyimizi silməyə, yox etməyə çalışıblar.

Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan Sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib.

Hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi memarlıq abidəsi saxlanır. Onlardan biri İrəvan şəhərindəki Göy məsciddir, o biri isə İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsidir. Ermənistan hökuməti Göy məscidi saxtalaşdıraraq “fars məscidi”, Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verir. Hətta Türkmənistanın sabiq Prezidenti Saparmurad Türkmənbaşı bu ölkədə səfərdə olarkən onu Əmir Səəd məqbərəsinə də aparıblar. İşğalçı dövlət tərəfindən azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb, erməni vandalları həmin məzarları ucdantutma dağıdırlar.

Tarixçilər vurğulayırlar ki, erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdiriblər. Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq nümunəsi göstəriblər.

Bir sıra informasiya resurslarında verilən məlumata görə, 1950-1980-ci illərdə Zəngibasar mahalının (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Bu məkana müsəlmanlarla yanaşı, bəzən xristianlar da ziyarətə gəlirdilər. 1950-ci illərə qədər burada ancaq bir qəbir olmuş, adamlar onu pir kimi ziyarət etmişlər. Deyilənlərə görə, gecələr bu yerdə işıq yanarmış, yaxınlaşanda itərmiş. 1950-ci illərdə orada bina tikiblər. Binanın ətrafında yanmış ağaclar vardı. Adamlar o ağacın kömüründən götürüb istifadə edir, şəfa tapırdılar. Get-gedə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanı olan adamlar öz əzizlərini bu ocağın ətrafında yaranmış qəbiristanlıqda dəfn edirdilər. Təəssüf ki, Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılıb.

Aşağı Şorca İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar Basarkeçər (Vardenis) rayonunda yalnız azərbaycanlıların yaşadığı kənd olub. 1918-ci ildə ermənilər Aşağı Şorcada qırğınlar törətmişlər. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan mövcud olan bütün azərbaycanlı kəndləri tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. Hazırda digər azərbaycanlı kəndləri kimi, Aşağı Şorca kəndinin qəbiristanlığı da dağıdılmış və kənd xarabalığa çevrilmişdir.

Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgərin də qəbirüstü abidəsi ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. 1972-ci ildə aşığın 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş və onun məzarı üzərində qəbirüstü abidə ucaldılmışdı. Ermənilər 1935-ci ildə Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar. 1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də yerlə-yeksan etmişlər.

İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII yüzilliyin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilib. Məscid şəhərin Dəmirbulaq massivindəki Hacı Novruzəli məhəlləsində (indiki dəmir yolu vağzalı rayonunda) yerləşdiyindən, məhəllənin adı ilə Hacı Novruzəli bəy məscidi adlanıb. Bu məhəllədə XX əsrin əvvəllərinə qədər bir nəfər də erməni yaşamayıb. Hacı Novruzəli bəy məscidini tikdirən Qara Seyidin nəvəsi olub. Təkminarəli bu məscid ötən əsrin 30-cu illərində erməni vandalları tərəfindən dağıdılaraq məhv edilib.

1724-cü ildə Osmanlı qoşunları İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə İrəvan qalasının içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə, yəni Rəcəb Paşa məscidi adlandırılmışdı. Bu məscid düzgün paralepiped formasında və sferik günbəzli idi, həmçinin, Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə olunmuş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəcəb Paşa məscidi 1930-cu illərdə İrəvan şəhərinin baş planına qurban olub.

Tarixçilər yazırlar ki, ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar Sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidi”nin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində, söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. “Yəni bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılıb. İrəvan qalasının Çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzənin şərəfinə yenidən qurulduğu üçün, məhz onun adı ilə adlandırılıb. Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılıb. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalıb. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülüb. Son vaxtlaradək Sərdar məscidinin 2-3 metr hündürlüyündə bir divarının qalığı qalmışdı. Ermənistan hökuməti məscidin qalığını “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim edib. Lakin erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişlər” - deyə bu, müxtəlif nəşrlərdə qeyd olunur.

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Məscidin üzərində ərəb əlifbası ilə Azərbaycan dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılıb. Bu məscid 1679-cu il zəlzələsindən sonra inşa edilib. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi və yaxud Şəhər məscidi adlandırıb. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olub. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzində, hazırda Respublika meydanı adlanan ərazidə olub. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” oteli inşa edilib.

Bütün bu sadaladığımız və sadalaya bilmədiyimiz tarixi faktlar erməni toplumunun necə vəhşi tayfa olduğunu sübut edir.

Cavid Əkbərov, “İki sahil”