12 sentyabr 2023 22:41
806

Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası

Hər bir dövlətin müstəqilliyinin, təhlükəsizliyinin, inkişafının və onun gələcək müqəddəratının təmin edilməsi üçün dövlət və dövlətçiliyə dair güclü idarəetmə mexanizminə və düzgün yol xəritəsinə malik olması zəruridir. Bu mexanizmi formalaşdırmaq və dövlətçiliklə bağlı bütün istiqamətlərdə sarsılmaz təməl prinsipləri yaratmaq üçün isə hər şeydən öncə böyük liderlik keyfiyyətlərini, zəngin dövlətçilik təcrübəsini və ən əsası da xalqına və millətinə qırılmaz tellərlə bağlılığı  özündə daşıyan rəhbərə sahib olmaq lazımdır. Ötən əsrin sonlarında böyük bir imperiyanın boyunduruğundan və mürtəce idarəçiliyindən canını qurtrarıb yenicə müstəqilliyini bərpa edən xalqımızın bu məsələdə bəxti gətirdi. Heydər Əlirza oğlu Əliyev bu vacib məqamlarla bağlı doğma xalqının yeganə ümid yeri idi. Ancaq bu istəyini reallaşdırmaq xalqımıza və yenicə müstəqilliyini bərpa etmiş dövlətimizə heç də rahat və ucuz başa gəlmədi. Düz iki il ərzində bu prosesə mane olmağa çalışan daxili və xarici şər qüvvələr nəhayət ki, hətta sovet hərbi maşınına qarşı əzm və iradə ortaya qoyan, ölümün və qanın gözünə dik baxan bir xalqın və elə onun içindən çıxıb xalqının bütün müsbət keyfiyyətlərini ideal səviyyədə özündə cəmləşdirməklə onun bir parçası olduğunu qoruyub saxlayan bir liderin dönməzliyi qarşısında məğlub olub geri çəkildilər.

Xalqının ona tam etimad və etibar etdiyinə qarşılıq olaraq millətinə arxalanan və ömrünün qalan son on ilini də ona və onun inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev dövlətin müstəqilliyinin qorunub saxlanılmasının onun bərpasından daha çətin və ağır proses olduğunu çox gözəl bilirdi. Ona görə də Sovetlər birliyinin süquta uğraması nəticəsində bütün keçmiş müttəfiq respublikalar kimi, müstəqilliyinə qovuşmuş Azərbaycanın çox kövrək və zərif olan müstəqilliyini və suverenliyini gücləndirmək və uzunömürlü etmək üçün çox ağır bir prosesə başladı. Dövlətimizin dövlətçiliklə bağlı bütün istiqamətləri, o cümlədən də ümumilikdə suverenliyimizin əsasını təşkil edən iqtisadi müstəqilliyin təməlinin yaradılması üçün mühüm addımlar atıldı. Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymaq həmin dönəmdə böyük maraqların toqquşduğu Cənubi Qafqazda süni şəkildə yaradılmış münaqişənin alovlandığı və ölkə daxilində baş alıb gedən xaotik proseslərin fonunda bəlkə də mümkünsüz görünürdü. Bunun üçün Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə tanınması məqsədilə ilk müstəqil Konstitusiyasının qəbul edilməsi kimi çox ağır və böyük məsuliyyət tələb edən uğurlu gediş edilməli idi. Bu da o gərgin və çaxnaşmalı zamanda yalnız Heydər Əliyev kimi dühanın və uzaqgörən siyasətçinin ağlına gələ bilərdi. Bəli, Azərbaycanın dövlət müstəqilliyinin əsas təminatlarından olan iqtisadi müstəqilliyimizin ana sütunu kimi bütün region və dünya üçün “Əsrin müqaviləsi” adını qazanacaq böyük neft kontraktlarının imzalanması reallaşdırıldı. Azərbaycandan dəfələrlə iri həcmdə enerji resurslarına sahib olan böyük dövlətlərin karbohidrogen resurslarını bu gün də dünya bazarına çıxara bilmədiklərinə baxmayaraq, ağlı, zəkası və qlobal siyasi və iqtisadi manevr imkanları sayəsində Ümummilli Lider Heydər Əliyev təxminən 30 il əvvəl neftimizin və neft məhsullarımızın istədyimiz qiymətə xarici bazarlarda satılmasını, bunun təhlükəsiziliyini və qarantiyasını təmin edəcək bir uğura imza atdı.

Tarixdə hər bir müsbət və mənfi prosesin əsasını təşkil edən hadisələrin olduğu kimi, Azərbaycanın müstəqilliyinin və suverenliyinin gələcək qarantını təşkil edən milli iqtisadiyyatımızın əsasının qoyulması, ölkəmizə heç vaxt olmadığı miqyasda xarici sərmayələrin cəlb edilməsi və təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin edəcək neft strategiyamızın əsası da məhz 1994-cü ilin sentyabrında imzalnmış “Əsrin müqaviləsi” ilə qoyuldu. Müstəqil Azərbaycanın milli iqtisadiyyatının yol xəritəsinin başlanğıcı olan “Əsrin müqaviləsi” gələcəkdə mənbəyini ölkəmizdən götürən və Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan böyük enerji layihələrinin də reallaşmasına gətirib çıxardı. Bundan başqa, həmin enerji layihələrinin keçdiyi və ölkəmizin də daxil olduğu hərəkət marşrutunun təhlükəsizliyinin təmin olunması bir sıra nəhəng nəqliyyat və logistika xətlərini də özündə birləşdirmiş oldu. Ulu Öndər Heydər Əliyev özünün dühası, siyasi uzaqgörənliyi və iti diplomatiyası ilə yüzilliklər ərzində böyük maraqların toqquşduğu Cənubi Qafqaz regionunu həmin güclərin maraqlarının uzlaşdığı regiona çevrilməsinin əsasını da qoymuş oldu. Belə ki, bir addımı ilə o, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı kimi dövlətləri onların nəhəng neft şirkətləri vasitəsilə Azərbaycana gətirərək, yenicə müstəqilliyinə qovuşmuş ölkəmizin gələcək müstəqilliyinin və təhlükəsiliyinin qorunmasında maraqlı olmalarını təmin etdi.

Praqmatik daxili və xarici siyasəti və uğurlu diplomatiyası ilə müstəqil dövlət kimi güclü Azərbaycanın təməlini möhkəmləndirən Ümummilli Lider Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafını xalqımıza və dövlətimizə məxsus olan zəngin karbohidrogen resurslarımızın ağıl və məntiqlə bu yolda səfərbər olunmasında və yeni neft strategiyasının uğurla davam etdirilməsində görürdü. Ötən əsrdə baş tutmasına görə “Əsrin müqaviləsi” adlandırılmasına baxmayaraq, yeni neft strategiyamızın əsasını qoyan həmin tarixi hadisə hazırki XXI əsrdə də neft və qaz siyasətimizin mayakı rolunu oynamaqdadır. Belə ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı ilkin proqnozlara görə bir milyard tondan artıq neftin hasilatını və ixracını nəzərdə tutan meqalayihələrin mərhələli şəkildə reallaşdırılması prosesinə başlanıldı.

Ulu Öndər Heydər Əliyevin həm nəzəri, həm də praktiki baxımından əsasını qoyduğu həmin irimiqyaslı prosesin reallaşdırılmasını bütün istiqamətlərdə Ümummilli Liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirməkdədir. Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan kimi Xəzərin neftini Avropa və dünya bazarlarına çıxaran təxminən 4000 km-ə yaxın neft kəmərləri istifadəyə verilib. Bundan başqa həmin prosesin davamı kimi “Şahdəniz”, “Ümid” və “Abşeron” qaz yataqlarımızda olan zəngin qaz ehtiyatlarımızın istehsalı və ixracını reallaşdıran Bakı-Tbilisi-Ərzurum, TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) və TAP (Trans-Adriatik təbii qaz boru kəməri) və ümumilikdə Azərbaycanın təbii qazını İtaliyanın cənubuna çatdıracaq 3500 km-lik Cənub Qaz Dəhlizi kimi qlobal layihə artıq rellaşdırılmışdır.

Yüzilliklərdir ki, dünyanın siyasi, mədəni və beyin mərkəzi olmaqda davam edən Avropanın enerji xəritəsinin formalaşdırılmasında və enerji təhlükəsizliyinin təminatında özünəməxsus rola sahib olan Azərbaycan artıq Dördüncü Sənaye İnqilabını yaşayan “qoca qitə”nin yaşıl və bərpa olunan alternativ enerji resursları ilə təmin edilməsi prosesinə başlayıb. Dünyada hazırda kəskinləşən kataklizmlərin, qarşıdurmaların və faktiki olaraq yeni dünya düzənin formalaşdırıldığı bir həssas dönəmdə Azərbaycan dünyaya ən təhlükəsiz və ən sabit Orta Dəhliz təqdim etməkdədir. Hazırda dünyanı, daha dəqiq desək, insanlıq tarixində əksər dəhşətli müharibələrin aralarında baş verdiyi və bundan sonra baş verəcəyi istisna olmayan Asiya və Avropanı birləşdirən Yuxarı Dəhlizin və Aşağı Dəhlizin iflic vəziyyətə düşdüyü məqamda, Orta Dəhliz kimi strateji, optimal və ən vacibi hələ ki, yeganə təhlükəsiz platformanı təklif etməyimizin əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanında bünövrəsini qoyduğu Azərbaycanın yeni neft strategiyasının məntiqi nəticəsidir.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Heydər Əliyev zamanında dövlətimizin yeni və uğurlu neft strategiyası ilə ilk öncə iqtisadi müstəqilliyimizin, daha sonra isə həm də siyasi və ümumi dövlət müstəqilliyimizin əsasını qoydu. Məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq birlikdə və dünya dövlətləri arasında özünün layiqli yerini tutmaqdadır.

 

M. İlyasova,
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Metodiki kabinetinin böyük metodisti