07 sentyabr 2023 16:45
674

Ankarada “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfrans keçirilir- FOTO

Ankarada “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, toplantı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub.

Konfransda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Azərbaycan Milli Məclisinin deputatları Rəşad Mahmudov, Ramil Həsən və başqaları iştirak edib.

N.Kurtulmuş bildirib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycana yox, bütün türk dünyasına böyük miras qoyub.

O vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələrdə inkişaf edir: "Bunun bütün türk dünyasına nümunə olacağına inanırıq".

N.Kurtulmuş deyib ki, Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi və Türkiyənin dəstəyi ilə 30 illik erməni işğalına son verib. Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə Qarabağ abad olacaq”.

Natiq eyni zamanda Cənubi Qafqazda sabitliyin təmin olunacağına ümidini ifadə edib: “Bu, Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində mümkün olacaq”.

Konfrans çıxışlarla davam edib.