02 sentyabr 2023 21:27
303

Tbilisidə Ahıska türkləri və azərbaycanlı gənclərin iştirakı ilə Gənclər Forumu keçirilib

Bu gün Tbilisidə Ahıska türkləri və Gürcüstanda yaşayan azərbaycanlı gənclərin birgə iştirakı ilə Beynəlxalq Gənclər Forumu keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanda yaşayan Ahıska Türklərinin "Vətən" İctimai Birliyinin və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Gənclər Təşkilatı Gürcüstan Təmsilçiliyinin tərəfdaşlığı ilə keçirilib.

Forumda Azərbaycanda və Gürcüstanda yaşayan Axıska türklərinin gəncləri və Gürcüstandakı azərbaycanlı gənclər, QHT təmsilçiləri iştirak ediblər.

“Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxış edərək dünya türk birliyinin əhəmiyyətindən danışıb, Ahıska türkləri və azərbaycanlı gənclərin Tbilisidə bir araya gəlməsinin dünya türk birliyinə töhfə verəcəyini qeyd edib.

Sonra Azərbaycanda yaşayan Ahıska Türklərinin “Vətən” Cəmiyyəti İctimai Birliyinin sədr müavini Mövlud İşık çıxış edərək forumun əhəmiyyətindən danışıb.

Bildirib ki, “Beynəlxalq Gənclər Forumu: mədəni diplomatiya” adlanan tədbirin məqsədi gənclər arasında qarşılıqlı anlaşma və mədəni əməkdaşlığı gücləndirmək, universitet gənclərinin mədəni inteqrasiyaya yardım etmək, multikulturalizm mühitini genişləndirməkdir.

Sonra mərkəzin icraçı direktoru Rəna Hüseynova, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının prezidenti Əli Bədirov və başqaları çıxış edərək dünya türk birliyinin möhkəmlənməsində gənclərin rolunun artırılmasının vacibliyi, gənclərin dil təhsil problemləri və digər məsələlər ətrafında fikirlərini bölüşüblər.

Forum çərçivəsində Gürcüstandakı tələbə gənclərin iştirakı ilə “Gürcüstanda multikulturalizm: Universitet gənclərinin mədəni inteqrasiyası” adlı sessiya keçirilib.

“Ümumi müzakirələr və qiymətləndirmələr” adlı ikinci sessiyada isə birinci sessiyada müzakirə olunan məsələlər üzrə yekun təhlillər aparılaraq Forumun Hesabatı hazırlanıb.

Sonda forum iştirakçıları adından bəyanat qəbul olunub.