28 avqust 2023 23:18
883

Heydər Əliyev, Böyük Lider

Ulu Öndərin 100 illik yubileyi münasibətilə “İMZA” İB-nin təşkilatçılığı ilə bu mövzuda beynəlxalq konfrans keçirildi

Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” kimi qeyd olunur. Sərəncama uyğun olaraq Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müxtəlif səpkili və məzmunlu tədbirlər keçirilir.

Bu mühüm qərar “İMZA”çılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) İdarə Heyətinin təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” mövzusunda beynəlxalq konfrans keçirildi.

Konfransda Milli Məclisin deputatları, müxtəlif təşkilatların təmsilçiləri, həmçinin ictimaiyyət nümayəndələri, politoloqlar, siyasi ekspertlərlə yanaşı, dünyanın müxtəlif dövlətlərindən Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə çalışmış səfirlər, bu dahi şəxsiyyətdə bilavasitə təmasda olmuş siyasi xadimlər iştirak edirdilər.

“İMZA” İB-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı “İMZA” İB-nin sədri Xəyyam Əsgərov açaraq tədbirin məqsəd və məramı barədə məlumat verdi. “Heydər Əliyev İli”nin əhəmiyyətini vurğulayan İB-nin sədri bildirdi ki, bu baxımdan 2023-cü il dünya azərbaycanlıları üçün xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə Heydər Əliyevə həsr edilmiş videoçarxın nümayişindən sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi Hülusi Kılıç çıxış edərək iki ölkənin dostluq və qardaş münasibətləri, həmçinin Ulu Öndərin bu əlaqələrin inkişafında misilsiz xidmətlərindən ətraflı söhbət açdı. 

ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza çıxışında Heydər Əliyev şəxsiyyətindən, Ümummilli Liderin həm müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına, həm də beynəlxalq miqyaslı problemlərin həllinə verdiyi töhfələrdən danışdı. 

Tədbirdə Milli Məclisin deputatı Anar İsgəndərov “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda məruzə ilə çıxış etdi.

Daha sonra İtaliya parlamentinin sabiq deputatı, Azərbaycanla dostluq qrupunun keçmiş üzvü Maria Rizzotti dahi şəxsiyyətin Avropanın dayanıqlı enerji resursları ilə təminatında göstərdiyi xidmətlərdən bəhs etdi.

Konfransda, həmçinin Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov, Pakistanın tanınmış siyasi eksperti, “Bol Media” korporasiyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Ali Savez, Almaniyanın nüfuzlu dövlət xadimi Otto Hauzer çıxış edərək fenomenal şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu dünya miqyaslı işlərindən geniş söhbət açdılar.

Milli Məclisin deputatları Mahir Abbaszadənin, Cavanşir Feyziyevin, Jalə Əliyevanın, Pərvin Kərimzadənin, Azərbaycandakı “Rus İcması” sədrinin birinci müavini Anastasiya Lavrina, Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın və digərlərinin dünya şöhrətli dövlət xadimi Heydər Əliyev haqqında fikirləri maraqla qarşılandı.  

Cavid Əkbərov, “İki sahil”