24 avqust 2023 01:37
1443

Qərbi Azərbaycan İcmasının məqsədyönlü fəaliyyəti hayları təşvişə salıb

Qərbi Azərbaycan İcmasının Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa davam etməsi, həmçinin qəzet səhifələrində və internet saytlarında “Qərbi Azərbaycan” başlığı ilə ayrıca rubrikalar açılması, “Qərbi Azərbaycan salnaməsi” adlı yeni videoseriyaya başlanılması hayları əməlli-başlı təşvişə salıb. Məhz bütün bunlara görə ermənilər bu qurumu hədəfə götürüblər. Məsələn, Ermənistanın keçmiş hüquq müdafiəçisi, “Tatoyan” Fondunun direktoru Arman Tatoyan öz “Facebook” səhifəsində yazıb ki, guya gündəmdə saxlanılan bu mövzu çərçivəsində yayılan materiallar Ermənistana və erməni xalqına yönəlmiş ittihamlarla, antielmi arqumentlərlə və  təhdidlərlə zəngindir. Guya bununla  Qərbi Azərbaycan İcması Ermənistana qarşı düşmənçiliyi dərinləşdirir. Həqiqətdə isə həmin materiallarla tanış olan hər bir şəxs deyə bilər ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətində düşmənçilikdən, təhdiddən söhbət belə gedə bilməz.

Arman Tatoyanı ən çox narahat edən isə  İrəvanın da Azərbaycana məxsus olması faktı ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı məlumatlardır. Halbuki 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə əzəli şəhərimiz - İrəvanın Ermənistana bağışlanması tarixi faktdır. Məhz bundan sonra erməni millətçiləri min bir fitnə-fəsadla Zəngəzuru, Göyçəni və Azərbaycanın bir sıra digər torpaqlarını sovet hakimiyyətinin köməyi ilə “özününküləşdiriblər”. 1948-1953-cü illərdə xalqımıza qarşı törədilən növbəti cinayət nəticəsində soydaşlarımız Qərbi Azərbaycan torpaqlarından deportasiyaya məruz qalıblar. 1980-ci illərin sonlarında belə cinayətlər sistemli formada həyata keçirilib. Bu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub.

Üstəlik, haylar həmin ərazilərdən izimizi  silmək məqsədilə tarixi abidələrimizi viran qoymaqla yanaşı, toponimlərimizi də erməniləşdiriblər. Məsələn, Basarkeçəri Vardenis, Arazdəyəni Yerasx və s. adlandırıblar. Məgər bütün bu tarixi həqiqətləri dilə gətirmək, dünyaya bəyan etmək düşmənçiliyi dərinləşdirməkdir? Bu mənada həmin  mövzu çərçivəsində Qərbi Azərbaycan İcmasının yaydığı materiallarda Tatoyanın  dediyi kimi, erməni xalqına yönəlmiş heç bir ittiham-filan yoxdur. Arman Tatoyanın özü də bilməmiş deyil ki, ermənilər bizim torpaqlarımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, özü də Rusiya-İran müharibəsindən sonra. Tarixi mənbələr sübut edir ki, 1828-1830-cu illərdə torpaqlarımıza İrandan 40, Türkiyədən 84 min erməni köçürülüb.  1893-1895-ci illərdə indiki Ermənistana 900 min erməni köçürülüb. Yəni, demək istədiyimiz odur ki, Cənubi Qafqazda heç vaxt Ermənistan adlı dövlət olmayıb.

Düşmənçiliyi dərinləşdirən isə  Tatoyanın mənsub olduğu xalqın bu gün də davam etdirdiyi işğalçılıq siyasətdir. Bütün bunlara rəğmən, Azərbaycan ermənilərlə heç vaxt torpaq davası aparmayıb və aparmaq fikrində də deyil. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən  sonra ermənilərin uzun illər işğal altında saxladığı Qarabağa və Şərqi Zəngəzura qayıdışımız başlayıb. Artıq bu proses uğurla davam etdirilir. Qərbi Azərbaycandan olan soydaşlarımız da bir zamanlar zorla qovulduqları, didərgin salındıqları dədə-baba yurdlarına qayıtmaq və uzun sürən həsrətlərinə son qoymaq niyyətindədirlər. Özü də  soydaşlarımız o məkanlara Tatoyanın düşündüyü kimi, tankla, topla deyil, sivil qaydada qayıtmaq istəyirlər. Onların bu istəklərini nəzərə alan Qərbi Azərbaycan İcması qəbul edilmiş Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına əsasən Ermənistan hökumətini dəfələrlə  beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırıb. Amma Ermənistan, o cümlədən baş nazir Nikol Paşinyan İcmanın dialoq çağırışını lazımınca dəyərləndirmək əvəzinə azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən və Qərbi Azərbaycan mövzusunu təhrif edən bəyanatlar verir. Bax, əsl düşmənçilik, düşmənçilyi dərinləşdirmək budur. Halbuki İcmanın fəaliyyətinin əsas məramlarını təşkil edən Qayıdış Konsepsiyası  BMT-nin rəsmi sənədi kimi yayılıb. Bəli, bu gün də Qərbi Azərbaycan İcması bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini da xatırlatmaq istərdik: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Xatıqladaq ki, Qərbi Azərbaycan İcması - Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il 3 avqustda "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin ümumi yığıncağında "Qərbi Azərbaycan İcması" adlanmağa başlamışdır.  

Qvami Məhəbbətoğlu, “İki sahil”