Azərbaycan beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ciddi çətinliklərlə üzləşmiş, səriştəsiz və xəyanətkar rəhbərlərin ucbatından parçalanmaq, müstəqilliyi yenidən itirmək təhlükəsi yaranmışdı. Həmin vaxt yeganə çıxış yolu Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsi oldu.
Belə bir kəlam var: Dövlətin xilası üçün bir dahi insan kifayətdir. Bu kəlamı qeyd-şərtsiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə də şamil etmək mümkündür. Dünyanın tanınmış şəxsiyyətlərinin söylədikləri fikirlər göstərir ki, Ulu Öndər Heydər Əliyev həqiqətən beynəlxalq miqyasda böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi.
Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi. Xatırlatmaq yerinə düşər ki, O, Sovet İttifaqı kimi nəhəng bir dövlətin hökumətində ikinci yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir.
Heydər Əliyev bütün dövrlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını özünün ali məqsədi hesab etmişdir. O, hələ Naxçıvan MR Ali Məclisinin Sədri olarkən Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağını dövlət bayrağı kimi qəbul etmişdir. Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə Onun böyük qürur hissi ilə səsləndirdiyi “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” kəlamları reallığa çevrildi. Erməni vəhşiləri tərəfindən törədilmiş 26 fevral Xocalı və 31 mart azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymət Heydər Əliyev tərəfindən verilmişdir.
Heydər Əliyev haqqında kimlər söz deməyib: müasiri dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar... Onların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır.
Ulu Öndərin anadan olmasının 100-cü ildönümündə onun haqqında məşhurların dedikləri fikirləri xatırlatmaqla, həm də Heydər Əliyev şəxsiyyətinə, portretinə, möhtəşəmliyinə bir daha heyranlığımızı, əbədi sevgimizi, ehtiramımızı ifadə edirik. Hələ Moskvada Siyasi Büronun üzvü, SSRİ Nazirlər Sovetin sədrinin birinci müavini olarkən yaxından ünsiyyət qurduğu, müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin Baş naziri və 9-cu Prezidenti (1993–2000) olmuş Süleyman Dəmirəl yazırdı: “Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir”.
Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. O, yaxşı bilirdi ki, ölkədə sabitlik olmadan inkişaf da ola bilməz. Heydər Əliyev bunun üçün özünün bilik, bacarıq və dövləti idarəetmə təcrübəsindən məharətlə istifadə etdi. Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı hücumun qarşısını almaq məqsədilə atəşkəsə nail oldu, bununla da ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı.
Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı. Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunması, qardaş qırğınının qarşısının alınması oldu. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. O, isə bunlardan qorxmayaraq, özünü təhlükəyə ataraq deyirdi: “Azərbaycan xalqı üçün, canımdan belə keçməyə hazıram, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn Bayrağıdır”.
ABŞ-ın sabiq Prezidenti Corc Buş Ulu Öndərlə dəfələrlə görüşüb Ondan beynəlxalq və regional məsələlər barədə məsləhətlərini almış, Onun liderlik qabiliyyətinə heyranlığını bildirirək demişdir: “Dünyada tanınmış görkəmli dövlət xadimi olan Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.”
ABŞ-ın sabiq Prezidenti Bill Klinton Avropanın enerji təminatında, geosiyasi xəritəsində yeni dövr açan “Əsrin müqaviləsi”nin imzalanması və reallaşmasında Heydər Əliyevin siyasi iradəsinin həlledici rolunu bir neçə dəfə vurğulamışdı.
Ümummilli Lider Heydər Əliyev Türkiyə ilə dünyada dövlətlərarası qardaşlıq, birlik və bərabərliyin etibarlı, uzunömürlü, əbədi özülünü qoymuşdur. Bu münasibətlər bu gün də ən yüksək səviyyədədir. Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də Heydər Əliyevə məxsusdur. Şübhə etmirik ki, bu deyim daimi olacaqdır.
Xalqımız 44 günlük II Qarabağ müharibəsində Türkiyə Cümhuriyyəti və xalqı ilə birliyin, dünyada bənzəri olmayan İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan qardaşlığına bir daha şahid oldu, həmin mübarək Zəfər günlərini yaşadı, Azadlıq meydanındakı Zəfər paradında Ərdoğanın dünyada əks-səda yaradan möhtəşəm çıxışına, Şuşa Bəyannaməsinin imzalanmasına şahid oldu. Bu birliyi əbədi edən Heydər Əliyevin müəyyən etdiyi strateji xəttdir. Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyevin qoyduğu siyasi xətlə gedişdədir.
Ulu Öndər Heydər Əliyev uzun illər Moskvada dünyanın ən böyük ölkəsinin rəhbərlərindən biri olarkən bütün 15 sovet respublikasının xalqlarının, ilk növbədə çoxmilyonluq rus millətinin dərin hörmət və məhəbbətini qazanmışdı. Ona bu hörməti qazandıran parlaq zəkası, şəxsiyyəti, rus dilində mükəmməl biliyi, yorulmaz fəaliyyəti, obyektivliyi, prinsipial mövqeyi idi. Onun qətiyyətli olması Qazaxıstana rus millətindən olan Kolbinin rəhbər göndərəndə Siyasi Büroda etirazı da əyani sübutdur. SSRİ rəhbərliyinə ən layiqli, real namizədin Heydər Əliyev olduğu Siyasi Büroda etiraf edilsə də, buna yalnız onun milliyyətinin mane olduğu vurğulanmışdır. Həmçinin o da bildirilir ki, Heydər Əliyev Sovetlər Birliyinə rəhbərlik etsəydi heç zaman millətlər arasında qanlı hadisələr baş verə bilməzdi.
Heydər Əliyev elə şəxsiyyət idi ki, ünsiyyətdə olduğu hər kəsi zəkası, siyasi erudisiyası, uzaqgörənliyi, cəsarəti ilə heyran qoyurdu. Onun haqqında Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi, Çin Xalq Respublikasının Sədri Xu Szintao, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer, Fransanın sabiq Prezidenti Jak Şirak, Almaniya Federativ Respublikasının keçmiş federal Kansleri Helmut Kol, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Özbəkistanın sabiq Prezidenti İslam Kərimov, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, BMT-nin sabiq Baş katibi Butros-Butros Qali, məşhur musiqiçi, görkəmli ictimai xadim Mstislav Rostropoviç, dünya şöhrətli yazıçı, diplomat Oljas Süleymenov və onlarla başqa məşhurların sözləri həqiqətən qürurvericidir, hər bir azərbaycanlı üçün fəxrdir.
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun dediyi kimi: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir. Bu, sovet dövründə də belə idi, MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir”
Heydər Əliyev hər zaman xalqımızın xidmətində olmuşdur. Heydər Əliyev bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edən əsas amillərdir.
Ulu Öndərin adı, əməlləri xüsusilə təhsil işçiləri, müəllimlər üçün əzizdir. O, Azərbaycanın 1 nömrəli müəllimidir. Dahi rəhbərin dillər əzbəri olan bu kəlamı insan cəmiyyətində təhsilin, müəllimin yerinə, roluna verilən ən yüksək qiymətdir: “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır”.
Bununla da fikrimi yekunlaşdıraraq əminliklə qeyd edirəm ki, Heydər Əliyev Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış əvəzolunmaz dahi şəxsiyyətdir.
Əhliyət Adıgözəlov,
Elm və Təhsil Nazirliyinin əməkdaşı,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Xətai-49 (Elm və Təhsil Nazirliyi) ərazi partiya təşkilatının sədr müavini, Əməkdar müəllim