17 avqust 2023 00:43
966

Neft strategiyasının Zəfər yolu

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin memarı müasir müstəqil Azərbaycanın qurucusu, dahi lider Heydər Əliyevdir

Müasir Azərbaycanın neft sənayesinin inkişafı dahi lider Heydər Əliyevin iqtisadi strategiyasının əsasını təşkil edir. Təsadüfi deyil ki, Ulu Öndərin dilindən səslənmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” tezisinin  illər sonra Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra nə qədər müdrik bir kəlam olduğu daha qabarıq şəkildə özünü göstərdi.

1992-1993-cü illərdə eyforiyaya qapılan iqtisadi siyasət acı nəticələrini verdi. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin bərqərar olması, atəşkəsin əldə edilməsi ilə sürətlə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. İlk növbədə 20 sentyabr 1994-cü il tarixində dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkətinin birgə imzaladığı “Əsrin müqaviləsi” sayəsində Azərbaycan xarici siyasətdə misilsiz uğurlara nail oldu.

Dünya tarixində böyük rol oynayan “Əsrin müqaviləsi”ni dəyərləndirərkən məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Məsələn, siyasi, geosiyasi və iqtisadi aspektləri xüsusi vurğulamaq olar. Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı üçün çox təlatümlü və ziddiyyətli bir dövrdür, ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək yeganə dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət edərək demokratik yolla hakimiyyətə gətirdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yenicə möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə böyük maraq göstərməsinə baxmayaraq, ölkə qanunvericiliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ulu Öndər şəxsiyyətinə böyük inam və etimad “Əsrin müqaviləsi”nin imzalanmasında həlledici amilə çevrildi. Belə ki, SSRİ-nin dövlət idarəçiliyində iştirakı zamanı Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylədiyi hər sözünün ağası olması onu ən mühüm keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdı. Dünya liderləri arasında böyük etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi Heydər Əliyev epoxasının əsasını qoydu.

Balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi, eyni zamanda, Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəviyə keçdi. “Əsrin müqaviləsi”ndən sonra neft strategiyasının prinsipləri əsasında 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə 26 Saziş imzalanıb. Hazırda 14 Hasilatın Pay Bölgüsü Sazişi üzrə dünyanın 14 ölkəsini təmsil edən 24 neft şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu müqavilələrin hər biri Heydər Əliyevin uğurlu neft strategiyasının tərkib hissəsidir. Həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində qısa müddətdə “Çıraq-1” ilk hasilat platforması istismara verilmiş, Bakı-Novorossiysk neft boru kəməri bərpa edilmiş, həmçinin Bakı-Supsa neft kəməri çəkilib başa çatdırılmışdı. “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi nəhəng üzən qazma qurğuları tikilərək istifadəyə verilmişdi. Dənizin dərinsulu hissələrində texnoloji əməliyyatlar aparmağa imkan verən bir sıra nəhəng gəmilər modernləşdirilmişdi.

2002-ci il sentyabrın 20-də Azərbaycanın neft nəqli sisteminin şah damarı sayılan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin əsası qoyulmuş, 2006-cı ildə isə kəmər istismara verilmişdir. O vaxtdan indiyədək bu unikal kəmər Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və davamlı ixrac olunmasında əvəzedilməz rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi, “İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır.”

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə (SOCAR) apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır. Beləliklə, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir. Hazırda Azərbaycan dünya bazarında neftin, qazın və neft məhsullarının ixracatçısı kimi tanınmaqla bərabər, qısa müddət ərzində bu sahədə yaratdığı ixrac kəmərləri sistemi sayəsində Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya çatdırılması üçün başlıca tranzit ölkə sayılır. Azərbaycan ən yüksək səviyyələrdə dəfələrlə bəyan etmişdir ki, Mərkəzi Asiya ölkələrində hasil olunan enerji daşıyıcılarının nəqli üçün malik olduğu infrastrukturu təqdim etməyə hazırdır.

Ölkəmizin siyasi həyatının yeni dövrü məhz müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsini diktə edirdi. Yeni dövr dünyanın supergüclərinin təmsil olunduğu sözügedən transmilli neft müqaviləsinin bağlanması ilə özünün pik səviyyəsinə çatmışdı. Məhz 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında uzunmüddətli atəşkəs razılaşması əldə edildi. Bundan 4 ay sonra isə artıq “Əsrin müqaviləsi” reallaşdı. Böyük siyasi xadim Heydər Əliyev bütün dünyaya Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət yürüdəcəyini elan etdi. 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş “Əsrin müqaviləsi”ndə Azərbaycan Respublikası ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti “Amoco”, “Bp”, “McDermott”, “UNOCAL”, “Lukoil”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoil”, “ITOCHU”, “Ramco”, “Delta” iştirak etmişdir. Bununla da yeni neft strategiyası və doktrinasının əsası qoyuldu. “Əsrin müqaviləsi”ni imzalayan dövlətlərdən 3-ü - Rusiya, ABŞ və Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Müharibə şəraitində olan bir dövlət üçün bu, çox vacib amil idi. Artıq bu nəhəng müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi təkcə regional deyil, qlobal bir məsələyə çevrildi. Qafqazın lider dövləti olan Azərbaycanın regionda həlledici söz sahibi kimi, ümumqafqazın inkişaf perspektivlərinin məhz ölkəmizdən asılı olması müqavilənin regional və geosiyasi leytmotivinə çevrildi.

Heydər Əliyev epoxası ilə başlayan iqtisadi siyasət yeni dövrün gerçəkliklərini də özündə ehtiva edir, bu strategiyanın mərkəzində məhz neft amili dururdu. Bu müqavilənin baş tutmamasında maraqlı olan qüvvələr həmin ərəfədə Azərbaycanda siyasi qətllər və terrorlar həyata keçirdilər. Lakin Heydər Əliyevi terror aktları ilə Azərbaycanın taleyüklü nəhəng layihəsini həyata keçirməkdən çəkindirə bilmədilər. Bu tarixi müqavilənin ölkəmizin gələcək iqtisadi strategiyasında nə qədər mühüm rol oynayacağını müəyyənləşdirən böyük siyasi xadim Heydər Əliyev bütün təhdidlərə sinə gərərək öz prinsipial mövqeyindən geri çəkilmədi və bu nəhəng layihəni gerçəkləşdirməyə nail oldu.

Şübhəsiz ki, dünyada böyük nüfuza malik olan Ümummilli Lider Heydər Əliyev vaxtilə SSRİ-ni idarə edən şəxslərdən biri kimi qlobal siyasi mənzərəni və gerçəklikləri yaxşı dəyərləndirən müdrik bir şəxsiyyət idi. Heydər Əliyevin “Əsrin müqaviləsi” vasitəsilə əks qütblərdə dayanmış Qərb və Rusiya ilə, eyni zamanda, qardaş Türkiyə ilə münasibətlərdə “qızıl körpü” rolunu oynaması heyranlıqla qarşılanırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük iqtisadi layihəsi olan “Əsrin müqaviləsi” bağlanarkən birinci növbədə milli maraqlarımız ön planda olub. O zamankı Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlar kontekstində və xüsusilə ərazi bütövlüyümüz çərçivəsində həll edilməsi əsas amil olaraq təməl prinsipə çevrilmişdi. Burada Türkiyə-Azərbaycan münasibətlərinə də xüsusi diqqət yetirmək lazımdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstanla birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi oldu. Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə yönəlik jestləri isə milli maraqlar çərçivəsində prinsipial əhəmiyyət daşıyır.

Cavid Əkbərov, “İki sahil”