İllər ötsə, zaman dəyişsə də xalqımızın iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı işıqlandırmağa davam edəcək
Müstəqilliyin ilk illərində Azərbaycanda yaranan siyasi vəziyyət, Ermənistanın təcavüzü, Qarabağ və ətraf rayonları işğal etməsi, ölkə daxilində separatçı qüvvələrin baş qaldırması dövlət müstəqilliyimizi sual altına almışdı. Təhsil müəssisələri bağlanır, əraziləri zəbt olunurdu, ziyalılar, alimlər ölkəni kütləvi şəkildə tərk edirdilər. Bu çətin anlarda, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa nail oldu və təhsil islahatlarının aparılması üçün də əlverişli imkan yarandı. Beləliklə, kadr hazırlığı sahəsində əvvəllər mövcud olmuş ənənələr yenidən bərpa edildi və bu iş daha geniş vüsət aldı. Məhz Ümummilli Liderimizin rəhbərliyi ilə ali təhsil sistemində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, son dövrdə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı xeyli artmışdır. Hazırda dünyanın aparıcı universitetlərində Azərbaycanın orta məktəblərini yüksək göstəricilərlə bitirmiş 3000-dən artıq gənc zəruri ixtisaslara uğurla yiyələnirlər.
Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Bununla da müstəqil Azərbaycanda təhsilin gələcək inkişaf konsepsiyası və strategiyası müəyyənləşdirildi. Həmin sənəd hazırlanarkən ölkəmizdə təhsil sisteminin ayrı-ayrı inkişaf mərhələləri, xüsusən 1970-1980-ci illərdə təhsil sahəsində toplanmış tarixi təcrübə ciddi şəkildə nəzərə alınmışdı. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Məhz Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda kadr hazırlığı sahəsində xüsusi rol oynayan orta ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsi yaradılmışdır. Ölkənin inkişaf tendensiyalarına müvafiq olaraq bu sahədə şəbəkənin təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilmiş, 2001-2004-cü illərdə Orta İxtisas Təhsilinin İnkişaf Proqramı uğurla reallaşdırılmışdır. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra texniki peşə təhsili sahəsində keyfiyyət dəyişiklikləri həyata keçirildi. Bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində hazırda ölkədə 110 texniki peşə təhsili müəssisəsi, o cümlədən 49 peşə liseyi fəaliyyət göstərir.
Mövcud peşə təhsili sisteminin dövlət-biznes tərəfdaşlığına əsaslanan sistemə transformasiyası, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini təmin edən, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan, icbari ümumi orta təhsil səviyyəsini bitirən çoxminli məzunları qəbul etməyə hazır olan peşə təhsili sisteminin yaradılması məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmiş və icrası uğurla davam etdirilir.
Son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılmış, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmışdır. Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilmiş, nəticə yönümlü təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri hazırlanmışdır. Beynəlxalq təşkilatlarla birlikdə layihələrin icrasına başlanmışdır.
Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər hazırda davam etdirilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanda ən müasir tələblərə cavab verən və milli brendə çevrilmiş ADA Universiteti, Bakı Ali Neft Məktəbi təsis edilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır. Burada 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfiyyatı və istismarı) ingilis dilində tədrisə başlanmış, Fransanın Strasburq və Renn 1 universitetləri ilə ikili diplomun verilməsi nəzərdə tutulmuşdur. Son illərdə bir sıra ali təhsil müəssisələri üçün ən müasir kampuslar yaradılmış, bütün ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənmişdir.
2013-cü il oktyabrın 24-də təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmişdir. Uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumtəhsil müəssisələrinin kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi son illər uğurla davam etdirilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi nəzərdə tutulmuşdur.
1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı. ABŞ-ın humanitar təşkilatları, Yaponiya hökuməti, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, bir sıra nazirliklər və dövlət şirkətlərinin maliyyə vəsaitləri hesabına ölkənin müxtəlif regionlarında yeni məktəb binaları inşa edildi.
Sonrakı illərdə bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Hazırda ölkəmizdə 4472 orta məktəb binası var və onların 3 mindən çoxu əsaslı təmir olunub. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmış, ikinci növbədə oxuyan şagirdlərin sayı 16.8 faizə enmiş, başqa sözlə, şagirdlərin 83.2 faizinə birinci növbədə təhsil almaq imkanı yaradılmışdır. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olmuşdur.
Prezident İlham Əliyev demişdir: “Həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır.” Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötsə də, nəsillər bir-birini əvəz etsə də, zaman dəyişsə də Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.
Cavid Əkbərov, “İki sahil”