09 avqust 2023 23:58
1087

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ

Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşdı. 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyev hələ Azərbaycan Respublikası Ali Sovetinin Sədri olarkən 1993-cü ilin 22 sentyabrında ilk olaraq gənclərin nümayəndələri ilə görüşərək onlara müraciətində bildirmişdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik.”

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin fonunda gənclərin qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən Ümummilli Liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı.

1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Fərman imzaladı. Onu da qeyd edək ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

2 mart 1999-cu il tarixdə Azərbaycan Gənclərinin İkinci Forumundakı çıxışında Ulu Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi. Heydər Əliyev forumda “XXI əsr gənclərin əsridir” deyərək gənclərə verilən dəyəri və onların ölkənin inkişafı üçün üzərlərinə götürdüyü məsuliyyəti göstərmiş oldu.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan dövlət gənclər siyasəti haqqında Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Ulu Öndərin illər öncə əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin reallaşdırılması, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edilməsi dövlət başçısının Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşmasının əyani təzahürüdür. Bununla bağlı dövlət başçısının imzaladığı Sərəncamda deyilirdi: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz xalq və Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

Qürur və fəxrlə deyə bilərik ki, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda döyüşlərin ön sıralarında gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Bu gün gənclər fəxr edirlər ki, məhz Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdırlar və bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.

Coşqun Hidayətov,
YAP Gənclər Birliyinin üzvü