Qərbi Azərbaycan İcmasında (QAİ) “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Qərbi Zəngəzur mahalı, Nüvədi kənd sakinlərinin görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə İcmanın aparat rəhbəri Qalib Qasımov açıb.
QAİ-nin Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, onun nüvədililərə olan diqqət və qayğısından bəhs edib.
Bildirib ki, kənd sakinlərinin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirilib və Ümummilli Lider Nüvədi kəndinin camaatının çox dəyanətli insanlar olduğunu söyləyib:
"Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orada çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları ordan çıxarda da bilmirdilər”. Fikrət Əliyev Ümummill Liderin daim nüvədililərə qayğı göstərməsindən bəhs edib.
BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev Ümummilli Lider barədə xatirələrini bölüşərək onun Zəngəzur haqda səsləndirdiyi fikirlərdən, bir gün Qərbi Azərbaycanlıların mütləq öz ata-baba yurdlarına qayıdacaqlarına olan inamından bəhs edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Qayıdış Konsepsiyasından danışıb. O, Prezident İlham Əliyevin QAİ-nin inzibati binasının açılışı zamanı İcmanın bir qrup ziyalısı ilə görüşündə Qərbi Azərbaycanın tarixi torpaqları olması, soydaşlarımızın geri qayıdış hüququ barədə səsləndirdiyi fikirlərə toxunub.
BDU-nun kafedra müdiri, tarixçi, professor Qoşqar Əliyev Nüvədinin deportasiya tarixi mövzusunda olan çıxışında qeyd edib ki, qədim yaşayış məskənlərindən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub.
Onun sözlərinə görə, Nüvədi kəndi işğala qədər ərazisi 270 kv.km-i əhatə etməklə, 18 min hektar torpağa malik, müasir şəhər tipli inzibati ərazi olub.
Tarixçi bildirib ki, Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, o cümlədən Baba Hacı müqəddəs ziyarətgahı və digər tarixi-dini-mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır: “Lakin bu gün həmin qəbiristanlıqlar, ziyarətgahlar erməni vandalizminin qurbanı olaraq məhv edilib. Nüvədi kəndi Qərbi Azərbaycanda 1991-ci ilin avqustun 7-də sonuncu tərk edilən Azərbaycanlı yaşayış məskənidir. Kənddən azərbaycanlıların çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamladı və monoetnik dövlətə çevrildi”.
Tədbir çıxışlarla davam etdirilib. Çıxışçılar Ümummilli Liderin nüvədililərə olan qayğısı, eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ zəfəri və onun Qərbi Azərbaycanlılara dəstəyindən bəhs ediblər.
Sonda qeyd edilib ki, nüvədililərin hər biri bu gün Nüvədiyə, öz evlərinə qayıtmaq arzusu ilə yaşayırlar və inanırlar ki, bu gün onlara mütləq qismət olacaq.