Qırx dörd günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə, eyni zamanda, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı tarixi torpaqlarımıza qayıdışın təmin edilməsini strateji vəzifə kimi qarşıya qoyması soydaşlarımızın tezliklə sülh yolu ilə öz doğma yurd-yuvalarına qovuşacaqlarına olan sarsılmaz inamımızı daha da gücləndirdi.
Bütün tarixi mənbələr, sənədlər, xəritələr təsdiq edir ki, Qərbi Azərbaycan ərazisi‚ yəni Zəngəzur‚ Göyçə və İrəvan azərbaycanlıların min illər boyu yaşadığı doğma torpaqlardır. Ermənilər bu torpaqlara XIX əsrdə rus imperiyası tərəfindən Osmanlı Türkiyəsindən və İrandan məqsədyönlü və düşünülmüş şəkildə köçürülüblər. Sovet-bolşevik hökuməti dövründə bu proses davam etmişdir. Sovet hökumətinin qatı ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqları qeyri-qanuni olaraq tamamilə ermənilərə verilmiş və bu ərazidə sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Məhz bundan sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qanlı soyqırımı siyasəti həyata keçirilmişdir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında bildirildiyi kimi, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-19-21-ci illərdə “Ermənistan respublikası”, “Dağlıq Ermənistan respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-in bədnam rəhbəri, qanlı diktator İosif Stalinin və Ermənistan SSR-nin 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması tarixin ən böyük ədalətsizliyidir. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda deyilir: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSRİ-nin digər bölgələrində soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəz olunması prosesi baş verir”.
Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə icmanın yeni binasında görüşərək onların qarşısına mühüm vəzifələr qoydu. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir: “Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir”.
Qərbi Azərbaycan İcması tərəfindən 2023-cü il yanvarın 26-da qəbul edilən Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Biz öz tarixi yurdlarımıza qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı-Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Prezidentimiz daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. Gün gələcək tarixi ədalət bərpa olunacaq, azərbaycanlılar İrəvana, Goyçəyə, Dərələyəzə, Ağbabaya, Vedibasara, Nüvədiyə və.s qayıdacaqlar. O gün uzaqda deyil…
Zahid Rza, “İki sahil”