Dünya şöhrətli siyasətçi və dövlət xadimi, çağdaş Azərbaycanın ən parlaq və şanlı salnaməsini yaradan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi 13 il (1969-1982) ərzində respublikamız Sovet İttifaqında ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir
Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. 1969-cu ilə qədər SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye diyarına, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir məkana çevrildi. Ona görə də 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Ulu Öndər Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb.
Türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək, bugünkü müstəqilliyimizin təməlini qoydu. Belə ki, 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verildi, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olundu. Həmin illərdə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərildi. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi. Sonralar həmin dövrdə həyata keçirilən tədbirlərdən danışan Ulu Öndər deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
1941-1945-ci illərdə SSRİ-nin neftə olan ehtiyacının 75 faizini ödəməsinə baxmayaraq, Azərbaycanın neftayırma zavodları 1970-ci illərdə müasir tələblərlə ayaqlaşmırdı. Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırıb və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail oldu. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi.
Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparıldı, tarix və mədəniyyət abidələrinin pasportu hazırlandı, görkəmli şair və yazıçıların yubileyləri keçirildi, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldıldı, onların adlarını daşıyan yaşayış məntəqələri salındı, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkildi.
1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günü uzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. XX əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır.
Ulu Öndərin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.
Bir faktı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Sovetləşmənin sürətlə davam etdiyi bir zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. Bəli, Heydər Əliyev müxtəlif tarixi dövrlərdə tarixi və mənəvi-siyasi məsuliyyəti üzərinə götürərək, vacib təşəbbüslərlə çıxış edərək xalq və dövlət qarşısında milli vəzifəsini yerinə yetirməklə nümunə formalaşdırmış - örnək yaratmışdır.
1993-cü ilin yayında ölkədə qardaş qanı töküldüyü və milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını Ulu Öndərin hakimiyyətə qayıdışında gördü, dahi rəhbəri Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən Ümummilli Lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıtdı və bu QAYIDIŞ Vətənin xilası, xalqın qurtuluş tarixinə çevrildi, Azərbaycan 1969-cu ildən başlanan quruculuq yoluna döndü. Torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, sabitlik təmin olundu. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu.
Azərbaycanın müasir tarixinin fenomen şəxsiyyəti kimi Ümummilli Lider Heydər Əliyev xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. O, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaradıb. Ümummilli Liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir.
Sevinc Azadi, “İki sahil”