11 iyul 2023 22:37
788

Qərbi Azərbaycan: Hədəfə doğru atılan inamlı addımlar

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki çıxışı zamanı verdiyi tapşırıqlar əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla reallaşmaqdadır. Ölkəmizin başçısı proqram xarakterli, tapşırıq və tövsiyələrlə zəngin çıxışında ermənilərin tarixən Cənubi Qafqazda heç vaxt dövlətinin olmadığına yenidən diqqət çəkərək bildirib: “Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq… Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

Hazırda Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması uğurla reallaşdırılır. Belə ki, Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatında bildirilir ki, Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha  amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Həmçinin bildirilir ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və ictimai əlaqələrimiz pozulub. Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olmağımızı qeyd etməklə bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik.

Bundan başqa, Qərbi Azərbaycan İcması bir müddət əvvəl BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib. Müraciətdə bildirilirdi ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb. Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib. Həmçinin qeyd olunur ki, azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, azərbaycanlılar öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmağa can atır.

Sevindirici haldır ki, 2023-cü il yanvarın 31-də BMT Katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə 12 yanvar tarixli müraciətini, 2023-cü il martın 28-də İcmanın Qayıdış Konsepsiyasını, 2023-cü il mayın 20-də isə qurumun UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.  2023-cü il iyunun 20-də qurumun Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, AŞ PA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞ PA-nın rəsmi sənədi kimi dərc olunub. İyulun 7-də isə Vyanada ATƏT-in tədbirində ilk dəfə olaraq Ermənistandan qovulmuş soydaşlarımızı birləşdirən ictimai qurum - Qərbi Azərbaycan İcması təmsil olunub. Belə ki, icmanın idarə heyətinin sədr müavini, deputat Ramil Həsən ATƏT-in Milli azlıqlar üzrə ali komissarlığı institutunun yaradılmasının 30 illiyi münasibətilə keçirilən yüksək səviyyəli tədbirdə icma adından iştirak edib. Təbii ki, bütün bunlar hədəfə doğru atılan inamlı addımlardır.

Göründüyü kimi, hazırda ölkəmizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşdu. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımıza-Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı uğurla icra edilir. Gün gələcək soydaşlarımız Qərbi Azərbaycana da sülh yolu ilə qayıdacaqlar. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.

Zahid Rza, “İki sahil”