04 iyul 2023 21:45
863

Məqsəd doğma torpaqlara sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdışın təmin edilməsidir FOTO

Qərbi Azərbaycan İcmasının 6 aylıq hesabatı dinlənilib.

“İki sahil” xəbər verir ki,  İcmanın mətbuat xidmətindən bildiriblər ki, Qərbi Azərbaycan İcmasının 2023-cü ilin birinci yarısına dair fəaliyyəti ilə bağlı məlumat verən İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə qurumun yaradılması tarixi barədə danışıb. Bildirilib ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq yaradılan, ötən il avqustun 3-də Qərbi Azərbaycan İcması olaraq yenidən təşkilatlandırılan İcmanın 6 aylıq fəaliyyətində ən parlaq səhifə ötən il dekabrın 24-də Prezident İlham Əliyevin İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü olub. Dövlətimizin başçısı bu görüşdə Qərbi azərbaycanlıları daha da ruhlandıran çıxışı zamanı həm də İcmanın əsas sənədi olan Qayıdış Konsepsiyasının hazırlanmasına dair fikirlərini səsləndirib. Bu istiqamətdə dərhal hazırlıqlara başlanılıb və ictimaiyyətin də geniş iştirakı ilə hazırlanan Konsepsiya bu il yanvarın 26-da qəbul edilib.

Sonra İcmanın ölkə daxilində və beynəlxalq istiqamətdə fəaliyyətinə dair geniş təqdimat olub, keçirilən iclaslara, mühüm tədbirlərə toxunulub. Qeyd edilib ki, İcmanın tərkibində Elm komissiyasının yaradılması, bölgələrdə nümayəndəliklərin fəaliyyətə başlaması, rayon və kənd icmalarının toplantılarının keçirilməsi təşkilatlanma prosesində mühüm rol oynayır.

Xarici əlaqələrə toxunan Ə.Ələkbərli Qayıdış Konsepsiyamız da daxil olmaqla, İcmanın BMT-də 4 sənədinin bu təşkilatın rəsmi sənədi kimi yayıldığını vurğulayıb, nüfuzlu beynəlxalq təşkilatlara edilən müraciətlər, onlardan geri alınan cavablar (UNESCO, Aİ) barədə danışıb, Berlində İcmanın rəhbər heyəti ilə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın görüşündən bəhs edib. Bildirilib ki, İcmanın beynəlxalq istiqamətdə fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. Əziz Ələkbərli İcmanın həm daxili, həm də xarici istiqamətdə intensiv fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Sonra İcma sədrinin müavini, deputat Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov, Nəzarət-Təftiş komissiyasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, deputat Ramin Məmmədov və Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov hesabatı yüksək dəyərləndirdiklərini bildirib, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlərə toxunublar.